Azərbaycan Texniki Universitetində (AzTU) daxili idarəetməni təmin edən, tədrisin təşkilini, tədqiqatçıların və tədqiqat işlərinin bazasını özündə birləşdirən elektron platform- Universitet İdarəetmə Sistemi (UİS) qurulur.
Ali məktəbdən bildirilib ki, yeni rəqəmsal sistem “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyininin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.
UİS-nin daxilində 9 alt sistem mövcuddur.
· İnsan resursları sistemi;
· Tələbə qeydiyyatı sistemi;
· Personal məlumat sistemi;
· Tələbə məlumat sistemi;
· Tədrisin təşkili sistemi;
· Təhsil haqqı ödəniş sistemi;
· Dissertasiya mövzularının seçimi sistemi;
· AMAS (Akademik Məlumat Axtarış Sistemi);
· Differensial əməkhaqqı sistemi.
Dissertasiya mövzularının seçimi, AMAS və differensial əməkhaqqı sistemindən istifadə ilə bağlı AzTU-da 720 nəfər müxtəlif təlimlərdə iştirak edib. Hazırda sözügedən alt sistemlər sınaq mərhələsindədir. Növbəti ildən mərhələli şəkildə istifadəyə veriləcək.
Digər 6 alt sistemdən də istifadə ilə bağlı əməkdaşların təlimlərə cəlb olunması planlaşdırılır.