BDU-da tələbələrin iştirakı ilə simulyasiya keçirilib
Bakı Dövlət Universitetinin (BDU) əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyevin təşkilatçılığı və rəhbərliyi ilə “Səhnələşdirilmiş parlament debatı” adlı simulyasiya keçirilib.
Debatda BDU-nun “SABAH” qruplarının və hüquq fakültəsinin III kurs tələbələri iştirak ediblər. Rol oyunları metodundan istifadə etməklə təşkil olunmuş debatda tələbələr “Sosial təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini müzakirə ediblər.
Debatda rol oyunları metodunun hüquqi təhsil prosesində tətbiqinin əhəmiyyəti müzakirə olunub, bununla bağlı tədbir iştirakçılarının və deputatların fikirləri dinlənilib.
Professor Mayis Əliyev bildirib ki, tədbirin məqsədi tələbələrdə parlament debatı aparmaq mədəniyyətinin, normativ hüquqi aktlara müstəqil münasibət bildirmək, mühakimə yürütmək, təhlillər aparmaq bacarıqlarının, natiqlik qabiliyyətinin formalaşdırılmasıdır: “Tələbələr 4 ay ərzində debata hazırlaşıb, qanun layihəsi və onun müzakirəsi ilə bağlı məruzələr hazırlayıblar. Biz artıq ənənəvi təhsil sistemindən daha interaktiv təhsil sisteminə keçməyə, təlimin daim yeni metodlarla təşkilinə üstünlük veririk. Hüquq fakültələri təkcə hüquqşünas mütəxəssislər yox, siyasi liderlər, ictimai xadimlər də yetişdirdikləri üçün interaktiv metodlardan istifadə etməklə tələbələrdə parlament mədəniyyətinin formalaşdırılmasını istəyirik”.
Sonda müvafiq rolları canlandıran və tədbirin təşkilində yaxından iştirak edən tələbələrə “Təşəkkürnamə”lər verilib.
Qeyd edək ki, tədbirdə BDU-nun elmi-pedaqoji heyəti, hüquq fakültəsinin və “SABAH” Mərkəzinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquqşünas-vəkillər, ADA Universiteti, Polis Akademiyası və Milli Aviasiya Akademiyasının hüquq fakültələrinin rəhbərləri və tələbələri iştirak ediblər.