Dekabrın 17-də Lənkəran Dövlət Universitetinin (LDU) 30 illik yubileyi qeyd edilib.
Yubiley tədbirində elm və təhsil naziri Emin Əmrullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış elm xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbir şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov kollektivi LDU-nun 30 illik yubileyi münasibətilə təbrik edib, rəhbərlik etdiyi təhsil müəssisəsinin 30 ildə keçdiyi inkişaf yolundan ətraflı söz açıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında yubiley münasibətilə LDU kollektivini təbrik edib, son illərdə universitetdə görülən işləri yüksək dəyərləndirib, bunu yüksək idarəetmənin və kollektiv işin uğuru adlandırıb.
Nazir çıxışının sonunda yubiley münasibətilə kollektivi bir daha təbrik edib və bundan sonrakı fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov da öz növbəsində kollektivə xoş arzularını çatdırıb, LDU-nun rayonun, bölgənin elmi-mədəni həyatında oynadığı əhəmiyyətli rolundan danışıb.
Ölkə universitetlərinin rektorları adından çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev LDU kollektivinə arzularını ifadə edib, xatirə hədiyyəsini rektor Natiq İbrahimova təqdim edib.
Daha sonra universitetin 30 illik yubileylə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə, eləcə də Elm və Təhsil Nazirliyi tərəfindən təltif edilən əməkdaşlarına dövlət təltifləri və mükafatlar təqdim edilib.
Mərasimdə 30 illik yubileylə bağlı LDU-ya ünvanlanan təbrik məktubları oxunub, 30 illik yolu əks etdirən videoçarx nümayiş edilib.