Elm və təhsil nazirinin müavini Muxtar Məmmədov “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə “Cisco” şirkətinin Rumıniya və MDB ölkələri üzrə icraçı direktoru Dorin Pena, Azərbaycan üzrə baş direktoru Ramil Eyyubov, ərazi üzrə məsul meneceri Fərid Zeynalov və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov iştirak ediblər.
Görüş zamanı “Cisco” şirkəti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Eyni zamanda təhsil müəssisələrinə verilən internet və intranet xidmətlərinin təhlükəsizliyi, zərərli məzmun süzgəclənməsinin təmin edildiyi diqqətə çatdırılıb.
Elm və Təhsil Nazirliyi ilə “Cisco” şirkəti arasında əməkdaşlığın davam etdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə qurulmaqda olan təhsil müəssisələri üzrə əməkdaşlıq, “Cisco DevNet” tədris laboratoriyasının azərbaycanlı təhsilalanlar üçün təqdim edilməsi, “Cisco” şəbəkə akademiyalarının sayının artırılması və yeni texnoloji həllərin tədris prosesinə inteqrasiyası məsələləri də müzakirə edilib.
Qeyd edək ki, ölkə üzrə ümumilikdə 4 331 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmaqla intranet və internetə çıxışla təmin edilib. Onlardan 1 235 təhsil müəssisəsi fiber-optik, 2 008 təhsil müəssisəsi simsiz LTE, 1 088 təhsil müəssisəsi isə ADSL rabitə kanalı vasitəsilə qoşulub. Təhsil müəssisələrində şəbəkənin idarəolunması və paylanmasında “Cisco” həllərindən istifadə olunur.