Naxçıvan Dövlət Universiteti (NDU) tibb fakültəsinin həkim, rezident və tələbələri ümumtəhsil məktəblərində mütəmadi görüşlər keçirir. Növbəti görüş Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə baş tutub. “Sağlam gənclik, sağlam gələcək” layihəsinin davamı olaraq keçirilən tədbir gənclərə düzgün həyat tərzinin aşılanması və onlar arasında tibbi maarifləndirmə məqsədilə təşkil edilib.

        

Tədbirdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev bildirib ki, belə tədbirlər həm şagirdlər, həm də tələbələr üçün böyük əhəmiyyət daşıyır.

        

İlk tibbi yardımın önəminə diqqət çəkən tibb fakültəsinin dekanı biologiya üzrə fəlsəfə doktoru, dosent Elsəvər Əsədov qeyd edib ki, keçirilən görüşlərin nəticəsində tibb sahəsinə marağı olan şagirdlər düzgün istiqamətləndirilir, ilk tibbi yardım barəsində biliklərə sahib olurlar.

          

Layihə rəhbəri, təməl tibb fənləri kafedrasının müdiri tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva layihənin perspektivləri haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, layihə davamlı olaraq muxtar respublikanın ümumtəhsil müəssisələrində keçirilməkdədir.

        

“İlk tibbi yardım” layihəsinin rəhbəri, adıçəkilən kafedranın baş müəllimi Bəxtiyar Hüseynov layihənin əsas istiqamətlərindən danışıb. O, ekstremal vəziyyətlərdə ilk tibbi yardımın göstərilməsi metodikasının gənclər arasında anlaşıqlı formada təşviq edilməsinə ehtiyac olduğunu söyləyib.

 

Sonra fakültənin tələbələri Bəxtiyar Hüseynovun rəhbərliyi ilə  “Kliniki ölüm”, “Qanaxmalar”, “Zəhərlənmə və yanıqlar”, “Sınıqlar”, “Məktəblilərin düzgün qidalanması” adlı ilk tibbi yardım simulyasiyalarını əyani şəkildə nümayiş etdiriblər.

 

Tərlan İbrahimova,

NDU-nun “Jurnalistika” ixtisasının II kurs tələbəsi