Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya mühəndisliyi” ixtisasının tələbələri Heydər Əliyev adına Neft Emalı Zavodunda olublar.

 

Tələbələrə zavoddakı avadanlıq və proseslər haqda seminar və vebinar keçirilib. Onlara avadanlıqların işləmə prinsipləri ətraflı izah olunub, həmçinin zavoddakı proseslər, modernizasiya və yenidənqurma layihəsindəki yeniliklər barədə məlumat verilib.

 

Zavoda səfər zamanı fərdi mühafizə vasitələri ilə təmin edilən tələbələrə sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi təlimi keçirilib. Onları maraqlandıran suallar peşəkar mühəndislər tərəfindən çavablandırılıb.

 

Qeyd edək ki, səfər BMU-da kimya mühəndisliyi üzrə təhsil alan tələbələrin inkişafı üçün qurulmuş cəmiyyət - “Society of Chemical Engineers”in (SChE) təşəbbüsü ilə baş tutub. Cəmiyyətin məqsədləri sırasına tələbələrin nəzəri biliklərinin gücləndirilməsi, tədrisdə öyrənilənlərin sənayedə tətbiqi üzrə əlaqələrin qurulması, dərslərdən əlavə digər bacarıqlarının inkişafına kömək etmək və onlara mühəndislik karyeralarını formalaşdırmaqda yol göstərmək daxildir.