ADPU-nun Quba filialında Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilib
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında "Tarixi yaradan şəxsiyyət" adlı tədbir keçirilib.
Tədbirdə filialın rəhbərliyi, Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin xarici dil müəllimləri, filialın professor-müəllim və tələbə kollektivi iştirak edib.
Tədbirdə çıxış edən filialın direktoru fizika üzrə elmlər doktoru Yusif Alıyev ümummilli liderin həyat və fəaliyyətindən bəhs edib:”Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir...Bu şəxsiyyətlər arasında ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Dekabrın 12-si xalqımızın böyük oğlu Heydər Əliyevin anım günüdür. On doqquz il əvvəl – 2003-cü il dekabrın 12-də müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyev əbədiyyətə qovuşdu. Ulu Öndərin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində bu gün biz müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq və hər birimiz çalışmalıyıq ki, nümunəvi davranışımızla buna layiq olaq”.
Filialın ədəbiyyat və dillər kafedrasının ingilis dili müəllimi Elmira Əliyevanın və “Xarici dil müəllimliyi” ixtisasının I tədris ili tələbələrinin təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən ingilis dilində videoçarxlar nümayiş olunub, Ümummulli Liderə həsr edilən şeirlər səsləndirilib, musiqilər ifa edilib.