Məlumdur ki, hərbi paradlar dövlət ənənəsidir. Dövlət bu müstəvidən gücünü nümayiş etdirər, hərbi potensialını dünyaya tanıdar, düşmənlərinə vermək istədiyi mesajları  çatdırar.

 

Azərbaycan Azadlıq meydanında çox hərbi paradlar keçirdi.  Bu, o vaxtlar idi ki, ərazimizin 20 faizi işğal olunmuşdu və düşmən beynəlxalq hüququn prinsiplərinə riayət etmir, torpaqlarımızdan çıxmır, belə olan təqdirdə bizi  hərbi imkanlarımızı artırmaq məcburiyyətində qoyurdu. Azərbaycan hərbi xərcləri ilbəil artırır, yeni silahlar alır, əsgər və zabit heyətini mükəmməl hazırlaşdırırdı. Və bütün bunlar ictimai rəyə hərbi paradlarda daha aydın çatdırılırdı. Bu paradlar həm də daxili auditoriya üçün, gənclər üçün bir vətənpərvərlik təşviqatı rolu oynayırdı; Orduya inam yaradırdı. Azərbaycan ictimai rəyi ədalətli müharibəyə və mütləq qələbəyə ilk öncə bu paradlar vasitəsilə hazırlanırdı...

 

...Nəhayət, Azadlıq meydanı iki il öncə ənənəvi paradlardan fərqli bir izdiham, fərqli bir təntənə də yaşadı. Bunun adı Zəfər Paradı idi. Parad 44 günlük Vətən müharibəsinin yekunu,  savaşın son əzəmətli akkordu idi!

 

Bu parad iki aspektdən mühüm bir hadisə kimi qiymətləndirilməlidir. Birincisi, Azərbaycan düşməni necə bir hərbi imkanla məğlub etdi, paradda nümayiş olunan texnika, silah-sursat bu informasiyanı zehinlərə aydın şəkildə ötürürdü. 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər hərbi gücümüzü, köhnə silahlarla qarşımıza çıxmış, hərbi imkanları ilə lovğalanan düşmən üzərindəki üstünlüyümüzü gözəl  isbat edirdi. Hələ nəzərə alsaq ki, bunlar hamısı deyildi, hərbi arsenaldan müəyyən bir hissənin nümayişi idi... 

 

Parad həm də hərbi əməliyyatları mükəmməl yerinə yetirən komandirləri, generalları, polkovnikləri xalqımıza daha yaxından tanıtdı, əsgərlərimizlə insanları bir araya gətirdi ki, bu qarşılaşmada yaranan hissləri sözlə ifadə etmək çətindir. Parad ordu-xalq arasında qarşılıqlı minnətdarlıq, Qələbənin işığına toplanmaq, Zəfəri birlikdə qeyd etmək üçun ideal bir ünvan oldu. Bunu çəkilən fotolar, videokadrlar daha gözəl anladır.

 

İkinci aspekt paradda nümayiş etdirilən düşmənin qənimət götürülmüş hərbi texnikası, bu texnikaya aid informativ lövhənin işğalçının müharibədə nələri itirdiyini anlatması ilə bağlı idi. Ermənistan silahlı qüvvələrinə aid 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya maraqlı ideya idi. Bu kompozisiya düşməndən alınan intiqamımızın Zəfər Paradında Azərbaycan xalqına təqdim olunan ən gözəl sübutlarından oldu.

 

Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarının, Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyatın Hərbi Qənimətlər Parkında sərgilənməsi Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Bunlar Ermənistan ordusunun məğlubiyyətini anladan bir tablodur.

 

İki il öncə keçirilən Zəfər Paradının xüsusi cəhətinə gəldikdə, bu,Türkiyənin siyasi rəhbərliyinin yanımızda və əsgəri heyətinin paradda Azərbaycan əsgəri ilə birgə addımlamasında idi. Bu, xalqların tarixində əbədi qalacaq qürurverici bir hadisə oldu. Məlumdur ki, o paradı Azərbaycan və Türkiyə rəhbərləri birgə qəbul etdi. Azərbaycan əsgəri ilə Türk əsgəri o meydandan çiyin-çiyinə keçdi. Həmin gün paytaxtın hər yerində Türkiyə və Azərbaycan bayraqları dalğalandı. Bunlar səbəbsiz deyildi. Dünya susanda və təcavüzkarın yanında olmağa çalışanda, Türkiyə müharibənin ilk günündən haqq davamıza siyasi, mənəvi, informativ dəstək verdi; bu dəstəyi dünya heyranlıqla izlədi. Azərbaycan xalqı Türkiyənin uzatdığı əlin istisi ilə bu müharibədə özünü daha da güclü hiss edə bildi. Ona görə də bu Zəfər qardaşlığın zəfəri kimi məna qazandı. Genetik kökləri eyni olan bir millət işğala bərabər qalib gəlmişdi, Zəfərini də bərabər qeyd edirdi. Azərbaycan—Türkiyə tandeminin müharibədəki misilsiz rolu, Zəfər Paradında bir yerdə olması çağdaş və gələcək nəsillərin hafizəsində hər zaman qorunub saxlanmağa layiq faktordur.

 

Zəfər Paradı sözsüz ki, təkcə fotolarda, videokadrlarda yaşamayacaq, zehnimizin dərinliyində möhkəmlənəcək, yaddaşımızda əbədi qalacaq. Çünki o bizim Qarabağ sevgimizin, uğurumuzun, cəsurluğumuzun, mətanətimizin, gücümüzün simvolu kimi təntənə qazandı.

 

Vəfa ALLAHVERDİYEVA