Dekabrın 5-də "Azərkosmos" ASC ilə Beynəlxalq Astronavtika Federasiyası gələn il Bakının evsahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinə dair elm və təhsil müəssisələri ilə görüş keçirib. Görüşün məqsədi gələn il 2-6 oktyabr tarixlərində ölkəmizdə baş tutacaq Beynəlxalq Astronavtika Konqresində Azərbaycanın elm, təhsil və tədqiqat sahəsinin daşıdığı əhəmiyyətini, beynəlxalq kosmik ictimaiyyət qarşısında ölkəmizin elm istiqamətində inkişafını göstərmək və ümumiyyətlə konqresə Azərbaycanın, həmçinin bizə yaxın regiondakı ölkələrin elm insanlarının aktiv cəlb olunmasına həsr olunub.
Görüşdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və təhsil müəssisələrinin rəsmi nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə kosmik sahəyə xüsusi diqqət yetirildiyini bildirib. Nazir müavini ölkəmizin üç süni peykinin Azərbaycanın dünya kosmos ailəsinə daxil olmasına imkan yaratdığını da diqqətə çatdırıb. Ölkəmizdə bu sahənin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə danışan Firudin Qurbanov həm Elm və Təhsil Nazirliyi, həm də Milli Elmlər Akademiyası tərəfindən sözügedən sahə ilə bağlı kadr hazırlığı, həmçinin elmi araşdırmaların müvafiq səviyyədə aparıldığını qeyd edib.
Çıxış edən "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov haqqında danışılan konqresin ölkəmizdə kosmik sənayenin inkişafına mühüm töhfə verəcəyini bildirib.
Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger da öz növbəsində federasiyanın ölkələr arasında sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal əməkdaşlıq yaratdığını bildirib.
Çıxış edən digər qonaqlar konqresi kosmos sahəsində çalışan elm xadimləri, gənc tədqiqatçılar və tələbələr üçün ən əlverişli və uyğun platforma kimi qiymətləndiriblər.
Sonda Beynəlxalq Astronavtika Konqresinə dair videoçarxlar nümayiş edilib.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ qazanıb.
2-6 oktyabr 2023-cü il tarixlərində Bakıda təşkil ediləcək konqresdə elm və təhsil sahəsində “Call For Paper” adlı kosmik sahə üzrə elm müsabiqəsi, “Kosmik Liderlər Qrant Proqramı”, “Gənc Kosmik Liderlərin Tanınması Proqramı”, “Gənc Peşəkarlar Proqramı”, “IAF Tələbə Müsabiqəsi”, “Malina Astronavtika Medalı və Napolitano Mükafatı” kimi böyük təşəbbüslər həyata keçiriləcək.