Lənkəran Dövlət Universitetində (LDU) bu ali məktəblə Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutunun (İKSAD) birgə təşkilatçılığı, 22 ölkənin iştirakı ilə  “Beynəlxalq Subtropik və sitrus meyvələri” və “İpək Yolu” Beynəlxalq Elmi Tədqiqatlar konfransları öz işinə başlayıb.

 

Konfransın plenar iclasını LDU-nun rektoru professor Natiq İbrahimov açıb. O, bu günlərdə 30 illik yubileyini qeyd edəcək Lənkəran Dövlət Universitetində elmi mühitin formalaşdırılması istiqamətində görülən işlərdən, müxtəlif mövzularda keçirilən beynəlxalq və respublika səviyyəli elmi konfranslardan, universitetin professor, müəllim, doktorant və dissertantlarının həmin konfranslarda fəal iştiraklarından, elmlə istehsalatın uzlaşdırılması sahəsində görülən çoxşaxəli işlərdən danışıb. Bildirib ki, Lənkəran Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalının hər iki seriyası e-library  (RSCI)  beynəlxalq indeksləmə sistemininə daxil olmaqla yanaşı, “Humanitar elmlər” seriyası dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İNDEKS COPERNİCUS” bazasına da daxil edilib. Professor N.İbrahimov bildirib ki, LDU-da bu yaxınlarda daha bir elmi nəşr-texnika və aqrar elmləri üzrə beynəlxalq elmi-praktik jurnal nəşrə başlayacaq. Rektor 2022-ci il üzrə LDU əməkdaşlarının 30-a yaxın elmi məqaləsinin dünyanın nüfuzlu “web of science” bazasına daxil olmasını universitetin, eləcə də ölkənin elmmetrik reytinqinə müsbət təsir göstərəcəyini, birgə təşkil edilən beynəlxalq tədbirlərin universitetdə elmi mühitin formalaşdırılmasına şərait yaradacağını vurğulayıb, tərəfdaş universitetlərə əməkdaşlığa görə minnətdarlıq edib.

 

İKSAD rəhbəri Mustafa Latif Emek çıxışında bu cür tədbirlərin ölkələr arasında elmi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini deyib və bütün iştirakçılara uğurlar arzulayıb.

 

Daha sonra Gaziantep Universitetinin əməkdaşı dosent Yunus Emre Tansü, Çukurova Universitetinin bölmə rəhbəri Sadettin Baloğlunun çıxışları dinlənilib.

 

Sonra İKSAD-ın Azərbaycan üzrə baş koordinatoru Əlvan Cəfərov qurumun xatirə hədiyyəsini LDU-nun rektoru professor Natiq İbrahimova təqdim edib.

 

Beynəlxalq konfranslar öz işlərini bölmələrdə davam etdirir.