Azərbaycan Dövlət Pedaqoji Universitetinin incəsənət və fiziki tərbiyə fakültəsində “Musiqi müəllimliyi” ixtisasında təhsil alan tələbə və müəllimlərin iştirakı ilə görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim, dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
Açılış nitqi ilə çıxış edən musiqi və onun tədrisi texnologiyası kafedrasının müdiri professor Zemfira Abdullayeva Fikrət Əmirovu Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, milli musiqimizin tarixinə parlaq səhifələr yazmış dahi sənətkar kimi səciyyələndirərək, bəstəkarın yaradıcılığı haqqında dinləyicilərə məlumat verib.
Konsertdə bəstəkarın fortepiano, tar, klarnet üçün bəstələdiyi instrumental əsərlər, “Sevil” operasından, “Min bir gecə” baletindən parçalar, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi nümunələri səsləndirilib.
Konsert F.Əmirovun “Odlar ölkəsi” xorunun sədaları ilə başa çatıb.