Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva ilə görüşüb. Britaniya Şurasının ofisində keçirilən görüşün əsas məqsədi iki qurum arasında əməkdaşlığın yaradılması məsələlərinin müzakirəsindən ibarət olub.
N.Hacıyeva Britaniya Şurasının başlıca fəaliyyət istiqamətlərindən, ali təhsil müəssisələri ilə işbirliyindən və bu çərçivədə görülən işlərdən bəhs edib. Regionlarda təhsilin inkişafına, bilik və bacarıqların artırılmasına hədəflənən layihələrə prioritet əhəmiyyət verdiklərini vurğulayan N.Hacıyeva MDU ilə əməkdaşlığa açıq olduqlarını bildirib.
Rektor Şahin Bayramov universitetin strateji hədəflərindən söhbət açıb və yeni dövrün universitetinə çevrilmək yolunda atılan addımlar barədə məlumat verib. Universitetin regional ekosistemin drayveri qismində yerləşdiyi şəhər və ətraf rayonların hərtərəfli inkişafına davamlı töhfə verməsinin strateji məqsədlərdən olduğunu diqqətə çatdıran rektor bu istiqamətdə həyata keçiriləcək fəaliyyətlərdə Britaniya Şurası ilə işbirliyinin faydalı olacağına əminliyini ifadə edib.
Görüşdə əməkdaşlığın potensial istiqamətləri, o cümlədən universitetin tələbə və müəllim heyətinin ingilis dili üzrə bilik və bacarıqlarının artırılmasına, ingilis dilinin tədrisinə müvafiq dəstəyin göstərilməsi və digər məsələlərlə bağlı konkret təkliflər müzakirə edilib. Görüşdə Britaniya Şurasının Təhsil proqramları üzrə koordinatoru Sevinc Əlizadə və MDU rektorunun müşaviri Hamiz Mahmudov da iştirak edib.