Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-nin açılış mərasimi keçirilib.   


Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.  


Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. STEAM layihəsindən danışan nazir bildirib ki, adıçəkilən layihə Azərbaycanın gələcək təhsilinin bu gün atılan ilk addımlarıdır. Emin Əmrullayev qeyd edib ki, STEAM-ın tədrisində əsas məqsəd gələcək nəsli yeni çağırışlara hazırlamaqdır.   


Çıxışında festivalın təşkilində 250-dən çox "BİR" tələbə-könüllünün dəstəyini xüsusi vurğulayan elm və təhsil naziri onların hər birini 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.  


Nazir çıxışının sonunda festivalın təşkilində əməyi olan hər kəsə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.  


Daha sonra çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov layihə və festival barədə ətraflı məlumat verib. İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 318 məktəb və 100 305 şagirdi əhatə etdiyini, 22 STEAM Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 280 minə çatdırılması nəzərdə tutulur.   


SAF 2022-nin ötən ildən fərqini diqqətə çatdıran İqrar Nəzərov builki festivala ümumilikdə 350 komanda üzrə 1 312 nəfər iştirakçının qatıldığını, onlardan 127-nin 7 xarici ölkəni təmsil etdiyini deyib. 


Bildirilib ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2022-də “VEX İQ” və “VEX V5” “Robotiks”, "Lego" “Axtarış və xilasetmə” (10-14,15-18 yaş), “Hakaton” (ali məktəb), "Hakaton" (ümumtəhsil məktəbləri), “Xəyal dünyası” (ibtidai sinif), "Robokids" (ibtidai sinif), “Mexatronika”, “Təhsil dronları” adlı ümumilikdə 10 kateqoriya müəyyənləşdirilib. Müxtəlif kateqoriyalar üzrə festivalda iştirak məqsədilə Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan, Qazaxıstandan edilən müraciətlərə əsasən bu ölkələrdən olan komandaların iştirakı təmin olunub. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət edilib. SAF 2022-də həmçinin “İnnovativ layihələr sərgisi” də təşkil olunub.   


Qeyd edək ki, festival 9-dək davam edəvək.  


Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.