Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti iclasında  universitet üzrə akkreditasiya özünütəhlil hesabatı müzakirə edilərək təsdiq olunub. Bundan başqa, qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

 

İclasda son illər AzTU-nun Türkiyə və Almaniyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişafından danışılıb. Qeyd olunub ki, AzTU-nun Türkiyə, eləcə də türkdilli ölkələrin universitetləri ilə müvafiq sahələrdə əməkdaşlığı uğurla inkişaf edir. Bu universitetlərlə birgə layihələrin həyata keçirilməsi, tədqiqat işlərinin yerinə yetirilməsi, həmçinin uzaq məsafələrin qısaldılması və işlərin daha operativ həlli üçün AzTU-da Türk Dünyası Mühəndislik Mərkəzinin yaradılması təklifi şura üzvlərinin yekdil rəyi ilə qəbul olunub.

 

Həmçinin bildirilib ki, AzTU-nun Almaniya universitetləri ilə uzunillik əməkdaşlığı var. Belə ki, artıq bir neçə ildir AzTU-nun “Maşın mühəndisliyi” ixtisasına yüksək balla qəbul olunan abituriyentlər maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan almandilli qrupda təhsil ala bilir. Bundan əlavə, alman dili səviyyələri yüksək olduğu üçün onların müstəqil olaraq Alman Akademik Mübadilə Xidmətinin təqaüd proqramlarında da iştirak etmək imkanları var. AzTU-nun Almaniya universitetləri ilə əlaqələrinin daha da dərinləşməsi yeni fakültənin yaradılmasını zəruri edir. Müzakirələrdən sonra AzTU-da Alman mühəndislik fakültəsinin yaradılması qərara alınıb.