Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri 47-ci “ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin ¼ finalında (XVIII Azərbaycan Birinciliyi) qalib olublar. Hazırda onlar Azərbaycanı Cənubi Qafqaz açıq çempionatında təmsil edirlər.
Azərbaycanın 12 ali təhsil müəssisəsindən 39 komandanın (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak etdiyi müsabiqədə Bakı Ali Neft Məktəbinin BHOS1 komandası ölkə üzrə 1-ci yerin qalibi olub. BHOS1 komandası I dərəcəli, BHOS7 komandası II dərəcəli, BHOS3 komandası III dərəcəli diploma layiq görülüb.
BHOS1 komandasında “İnformasiya təhlükəsizliyi” ixtisasının 2-ci kurs tələbələri Rəvan Qasımzadə, Saleh İsayev və “Kompüter mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Emin Orucov təmsil olunur. BHOS7 komandası “İnformasiya təhlükəsizliyi” ixtisasının 3-cü kurs tələbələri Nadir İsgəndərov, Əli Məhərrəmli və 4-cü kurs tələbəsi Nihad Əliyevdən ibarətdir. BHOS3 komandasının üzvləri “İnformasiya təhlükəsizliyi” ixtisasının 2-ci kurs tələbələri Oleksandr Andreyevich Krivich, Elnur Bədəlov və “Kimya mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Mustafakamal Musayevdir. Komandaların rəhbəri Proseslərin avtomatlaşdırılması kafedrasının baş müəllimi Ramil Şükürovdur.
BHOS1 və BHOS7 komandaları Azərbaycanı 47-ci “ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) təmsil etmək üçün Gürcüstanın Kutaisi şəhərinə yollanıblar. Müsabiqənin yarımfinal mərhələsi və Cənubi Qafqaz açıq çempionatı dekabrın 5-10-u tarixlərində keçiriləcək.