Naxçıvan Dövlət Universitetinin xəstəxanasında “Ürək və qan təzyiqi monitorinqi mərkəzi”, “Panoram rentgen”, “Allerqoloji və İmmunoloji” və “İnqalyasiya” kabinələrinin açılış mərasimi keçirilib.
Universitetin rektoru Elbrus İsayev xəstəxanada yaradılan şəraitin muxtar respublika səhiyyəsinə və bu sahədə aparılan kadr hazırılığına böyük töhfələr verəcəyini diqqətə çatdırıb. Universitet xəstəxanasında bundan sonra da professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün yüksək bilik və bacarıqlara yiyələnmək imkanının yaradılacağını vurğulayan rektor yeni kabinələrin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb.
Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, universitet xəstəxanasının baş həkimi Elmar Rzayev “Ürək və qan təzyiqi monitorinqi mərkəzi”nin təqdimatı zamanı diqqətə çatdırıb ki, mərkəzin əsas vəzifəsi insanlar arasında geniş yayılan ürək və qan təzyiqi xəstəliklərinin düzgün diaqnozlaşdırılması və müalicəsinin aparılmasıdır. Mərkəzdəki cihazlar haqqında danışan baş həkim vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq universitet xəstəxanasında “Stres EKQ” cihazı istifadəyə verilib. Bu cihaz vasitəsilə sakitlik vəziyyətindəki EKQ müayinəsində aşkar olunmayan gizli patalogiyaları TREDMİL testinin aşkarlaya biləcəyi, eyni zamanda cihazın ürək əzələsinin qan dövranının vəziyyəti haqqında mükəmməl məlumat verdiyi diqqətə çatdırılıb.
EKQ və Holter müayinəsi haqqında geniş izahat verən E.Rzayev bildirib ki, EKQ müayinəsi ürəyin həmin andakı elektrik sistemi haqqında məlumat verir və mərkəzdə müayinələr 12 kanallı tam avtoanaliz xüsusiyyəti olan cihazla aparılır. Ürəyin fərqli ritm pozulmalarında Holter müayinəsi düzgün diaqnoz üçün vacib müayinələrdən sayılır.
Baş həkim, həmçinin mərkəzdə “Exokardioqrafiya”, “Speckle Tracking exokardioqrafiya”, “Elastoqrafiya”, yuxu, böyrək və tiroid vəzin (zob) arteriyalarının doppler müayinəsinin həyata keçirildiyini deyib.
Sonra E.Rzayev iştirakçıları “İnqalyasiya” kabinəsi haqqında məlumatlandırıb. Cihazlarla tanışlıq zamanı bildirilib ki, inqalyasiya metodu bir sıra xəstəliklər, o cümlədən xronit, allergik, asmatik bronxit kimi xəstəliklərin əsas müalicə metodlarından biridir. Proseduranın zərərli təsirlərinin çox aşağı olduğunu deyən baş həkim qeyd edib ki, 8-10 dəqiqə ərzində aparılan müalicə metodu hətta ən kiçik yaşlı uşaqlara belə uyğun qaydada tətbiq oluna bilər.
“Panoram rentgen kabinəsi” barədə məlumat verən stomatologiya kafedrasının müəllimi, universitet xəstəxanasının həkim-stomatoloqu Zaur Hüseynov qeyd edib ki, Panoram rentgen bütün dişlərin, alt və üst çənənin şəkli, buradakı patologiyaların tək bir şəkildə görülməsini təmin edən üsuldur. Panoram rentgen müalicənin planlaşdırmasının aparılmasına, çənə və dişlərdə gözlə görünməyən kista, çürük və şiş kimi törəmələrin diaqnostikasında xüsusi rol oynayır.
“Allerqoloji və İmmunoloji” kabinəni təqdim edən ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, universitet xəstəxanasının həkim-pediatrı Mətləb İbrahimov son illər astma, allergik rinit, atopik dermatit və qida allergiyaları kimi xəstəliklərin çoxaldığını bildirib. Buna paralel olaraq allergik testlərə olan ehtiyacın artdığını deyən həkim, allergenlərdən qorunmaq, allergik xəstəliklərin farmakoterapiyası və immunoterapiyası kimi uyğun müalicə metodunun seçilməsi üçün erkən diaqnostikanın önəmini vurğulayıb. Bildirilib ki, artıq universitet xəstəxanasında Allergik Dəri Prick testləri aparılır. Dəri Prick testi aparmaq üçün, ilk növbədə anamnestik məlumatlar və müayinə tələb olunur. Xüsusilə astma, allergik rinit, ev tozu gənəsi, çiçək tozcuq polenləri, ev heyvanlarının tükləri, qida allergiyası, arı zəhəri allergiyası, dərman və peşə allergiyaları kimi hava yolu ilə yoluxan allergenlərdən qaynaqlanan vəziyyətlərdə Dəri Prick testinin aparılması məqsədəuyğundur.
Sonda Türkiyənin “TUS Time” şirkəti tərəfindən tibb fakültəsinin kitabxanasına hədiyyə olunan TUS ( Tibb Uzmanlıq Sınavı) və DUS (Diş Uzmanlıq Sınavı) hazırlıq vəsaitlərinin təqdimatı olub.