Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin “Azərbaycan dilində bədii qiraət” müsabiqəsi keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, əcnəbi tələbələrin təşkilatçılığı və iştirakı ilə bu cür mədəni tədbirlərin, konsertlərin, şeir müsabiqələrinin keçirilməsi artıq ənənə halını alıb. Ölkə üzrə əcnəbi tələbələrin sayına görə öncüllüyünü qoruyan ali təhsil ocağında xarici tələbələr üçün yaradılan şəraitdən söz açan rektor diqqətə çatdırıb ki, universitetdə təhsil alan yerli tələbələrlə yanaşı, əcnəbi tələbələrin də təhsil keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. E.İsayev ali təhsil ocağında təhsil alan hər bir əcnəbi tələbənin təhsillə bərabər, ictimai işlərdə, mədəni-kütləvi tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirib, müsabiqənin işinə uğurlar arzulayıb.
Ümumi işlər üzrə prorektor Xəyal Camalov tədbir haqqında iştirakçıları məlumatlandırıb. Bildirilib ki, tədbir xarici tələbələrə Azərbaycan dilinin mənimsədilməsi, onların bədii qiraətinin formalaşdırılması məqsədi daşıyır.
Sonra tələbələrin bədii qiraəti dinlənilib.
Qeyd edək ki, ümumilikdə 20 iştirakçının qatıldığı müsabiqədə səhnə mədəniyyəti, tələffüz normaları, şeirlərin əzbər səsləndirilməsi, ifa tərzləri nəzərə alınmaqla iştirakçıların bacarığı münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Hazırlıq kursu tələbəsi İlqın Bekinqayanın aparıcılığı ilə baş tutan müsabiqədə “Tibb” ixtisası üzrə I kurs tələbəsi Ayçenur Çolak və hazırlıq kursu tələbəsi Parisa Safari I yerin sahibi olublar.
“Stomatologiya” ixtisası üzrə üzrə təhsil alan I kurs tələbəsi Barzan Güney və hazırlıq kursu tələbəsi Elif Kirtçai II, hazırlıq kursu tələbələri Hüseyn Kahraman və Amirreza Afrouz isə III yerə layiq görülüblər.
Müsabiqədən sonra Elbrus İsayev iştirakçılarla görüş keçirərək, onları təbrik edib, müsabiqənin davamlılığını arzulayıb.
Sonda iştirakçılara diplomlar təqdim olunub.