Noyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinq keçirərək təhsil sahəsində baş verən vacib hadisələrə münasibət bildirib. Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılması istiqamətində həyata keçirilən iş yekunlaşır. Emin Əmrullayev Nazirliyin nəzdində fəaliyyət göstərəcək 3 agentliyin - Elm və ali təhsil üzrə, Məktəbəqədər və ümumi təhsil üzrə, Peşə təhsili üzrə dövlət agentliklərinin qurulduğunu, Nazirliyin yanvar ayından yeni strukturla fəaliyyətə başlayacağını bildirib.
Elm sahəsində ilk iş isə tədqiqat institutları ilə ali təhsil müəssisələrinin bəziləri arasında magistratura səviyyəsində birgə proqramlar olacaq. Maraqlı tədqiqat işləri olduğunu vurğulayan nazir deyib ki, həmin işləri tədqiqat laboratoriyalarının dəstəkləmələri üçün mexanizmlər müzakirə olunur. 2023-cü ildə elmin inkişafında planlaşdırma və düzgün strategiyanın qurulmasına daha çox zaman sərf ediləcək.
Doktorantura üzrə ilk məzunlar
Hazırda ölkəmizdə xaricdə təhsil üzrə 2 Dövlət Proqramı icra olunur. Proqramların icrası vəziyyətindən danışarkən nazir doktorantura təhsili alan ilk məzunların ölkəyə qayıdacağını və 5 il müvafiq ali təhsil müəssisələrində işləyəcəklərini də qeyd edib. Onun sözlərinə görə, hazırda 207 nəfər “2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili, 353 nəfər “2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavr və magistr təhsili alır. 165 nəfər isə hökumətlərarası təqaüd proqramları (HTP) çərçivəsində xaricdə təhsil almaq imkanı qazanıb.
Noyabr ayının əvvəllərində artıq növbəti ilin proqramlarının elan edildiyini vurğulayan nazir mühəndislik, İKT və fundamental təbiət elmlərinə üstünlük verildiyini deyib. Yalnız bu ilin may ayında açıqlanan 186 universitetdə 4126 proqram üzrə müraciətlər maliyyələşdiriləcək.
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi seçimində müsabiqə
Aprel ayından başlayaraq məktəbəqədər təhsil müəssisələrində aparılan işlər artıq nəticə verir. Məlumat sistemlərinin toplanması və şagird qəbulunda elektron qeydiyyatın aparılması bu sahədə əldə edilən ilkin uğurlardan sayılır. Ancaq problemlər də istisna deyil: “Məktəbəqədər təhsil müəssisələrində ilk dəfə işə salınan sistem çatışmazlıqları, nöqsanları, boşluqları da üzə çıxarıb. Üzləşdiyimiz yeni reallıqdan müəyyən həll yolları tapmağa çalışırıq”.
Məktəbəqədər təhsil sistemində daha bir yenilik isə tərbiyəçilərin müsabiqə yolu ilə işə qəbuludur. İlk dəfə keçirilən müsabiqənin test imtahanında 4539 namizəd iştirak edib. Onlardan 739 nəfər müsahibələrə dəvət edilib, 332 nəfər uğur qazanıb. Nazirin sözlərinə görə, mövcud vakant yer sayı 122 olduğundan yerləşdirmədə də müsabiqə gözlənilir. Müsabiqənin isə keyfiyyətə xidmət edəcəyi şübhə doğurmur: “Sertifikasiya da göstərdi ki, müsabiqə şəraitində işə qəbul olunan müəllimlərin səviyyəsi yüksək olur. Ümumtəhsil müəssisələrinin nümunəsində, demək olar ki, son illərdə mərkəzləşmiş qaydada məktəblərə qəbul olunan müəllimlərin hər biri sertifikasiyadan uğurla keçib”.
Tərbiyəçi yeri üçün müsabiqə vəziyyəti yaransa da boş qalan şagird yerləri çoxdur. Elm və Təhsil Nazirliyi tərkibində olan 1654 bağçada 116 min şagird yerinə 99 min uşaq qeydiyyatdan keçib. 16 minə yaxın boş yer üçün isə planlar var. Belə ki, hər həftənin bəlli bir günü həmin yerlər üzrə elektron qeydiyyat elan edilə, valideynlərə özlərinə uyğun olan müəssisədə uşaqlarını qeydiyyatdan keçirmək imkanı yaradıla bilər.
Bağçalara isti yemək veriləcək
Məktəbəqədər təhsil müəssisələrində qidalanma normativi də dəyişdirilir. Çox köhnə olan mövcud normativlər müvafiq sahənin mütəxəssisləri ilə yenidən hazırlanır. E.Əmrullayev yeni standartların ilkin versiyasının artıq hazırlandığını bildirib. Bugünlərdə isə 50-yə yaxın bağçanın isti yeməklə təminatına başlanılıb.
“Sertifikasiyadan sonra müəllimlərin maaşında 200 manata qədər artım görürük”
Yay aylarında 11657 nəfər ibtidai sinif müəllimi sertifikasiyaya cəlb olunub. Onların 75 faizi uğur qazanıb, 25 faizi isə uğursuz nəticə göstərib. Emin Əmrullayev uğur qazananların əməkhaqqında müşahidə edilən artımı rəqəmlərlə göstərib. Sertifikasiya imtahanlarında 51 baldan yuxarı nəticə göstərən müəllimlərin sayı 3163 nəfər olub. Həmin müəllimlər vergilər ödənildikdən sonra 831 manat maaş alıb. 5624 nəfər, yəni müəllimlərin 48 faizi 30-50 bal toplayaraq sertifikasiyadan keçib və maaşlarına 10 faiz əlavə olunduqdan sonra məvacibləri 686 manat civarındadır. Sertifikasiyada uğur qazana bilməyən müəllimlərin maaşı isə dəyişməyib və onlar 623 AZN pul alırlar: “Sertifikasiyadan sonra müəlimlərin maaşında 200 manata qədər, yəni 20 faiz artım görürürk”.
Müəllimlərin əməkhaqqı həm də onların dərs dediyi saatlardan asılıdır. Sertifikasiyada iştirak edən müəllimlər, əsasən 18-24 saat dərs deyir. Onlar müəllimlərin 75 faizini təşkil edir və əməkhaqqı 856 manatdır. Sertifikasiyada uğur qazanan həmin kateqoriyadan olan müəllimlərin maaşı vergi ödəndikdən sonra 928 manatdır. 24 saatdan çox dərs aparan 682 müəllimin əməkhaqqı isə 35 faiz əlavədən sonra 1140 manata çatıb.
Nazir hesab edir ki, uzunmüddətli vədədə müəllimərin dərs yükü də normallaşmalıdır ki, əməkhaqqı yüksək olsun: “Müqayisə üçün deyək ki, 273 müəllimin həftədə 6 saatdan az dərsi var. Məktəbdə 6 saatdan az dərs yükü olan müəllim sertifikasiyadan keçməyibsə, 131 manat, keçibsə 144 manat, 51 baldan yuxarı nəticə göstəribsə, 177 manat maaş alır. Bu istiqamətdə islahatlar davam edəcək”.
Nazir bu prosesin müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəlməsinə, müəllimlik ixtisasına olan marağın artmasına səbəb olacağını da vurğulayıb.
Sertifikasiya prosesi ilə direktorların işə qəbulu əlaqələndiriləcək
Direktorların əməkhaqqına olan əlavələrə gəlincə, şagird sayından asılı olaraq onlar 600-1500 manat əlavə alırlar. Şagird sayı 2500-dən artıq olan məktəblərdə məktəb direktorlarının maaşı dediyi dərslərlə birlikdə 2000-2500 manat təşkil edir. Rəqəmlərə əsasən, məktəb direktorlarının maaşında 58 faiz artım olduğunu qeyd edən elm və təhsil nazirinin fikrincə, bu islahat daha bacarıqlı insanların arasından direktor seçməyə imkan verəcək: “Gələcək aylarda sertifikasiya prosesi ilə direktorların işə qəbulu prosesini əlaqələndirərək direktorları yüksək bal toplayan müəllimlərin arasından seçməyi planlaşdırırıq. Bunun direktorların işə qəbulu prosesini kifayət qədər daha rəqabətli edəcəyini düşünürük”.
Yeni qaydalar 300 məktəbdə tətbiq ediləcək
Yeni hazırlanmış şagird davranış qaydalarının ictimai müzakirəsinin yekunlaşdırıldığını qeyd edən Emin Əmrullayev bildirib ki, qaydalar cari tədris ilinin ikinci yarımilində 300 məktəbdə pilot layihə kimi tətbiq ediləcək. Növbəti tədris ilindən isə bütün məktəblərdə tətbiqi nəzərdə tutulur.
Məktəblərə sürətli internet gəlir, şagird-kompüter nisbəti azalır
Məktəblərin internetə qoşulması və kompüter təminatı da yaxşılaşıb. 4331 məktəb artıq Azərbaycan təhsil şəbəkəsinə qoşulub. 1235 məktəb fiberoptik internetlə təchiz edilib. Təkcə bu il 403 məktəbə sürətli internet verilib. Bu il kompüter təminatı da rekord sayda, yəni 30 min olub. Növbəti il üçün bu rekordun təzələnəcəyini vəd edən nazir rəqəmin 45 minə çatdırılacağını söyləyib. Qarşıya qoyulan hədəf isə 2026-cı ilədək şagird-kompüter nisbətini 1/6-ə çatdırmaqdır. Nazir hazırda 18-20 şagirddən birinə bir kompüter düşdüyünü də xatırladıb.
Məktəblərin istilik təchizatı yaxşılaşdırılır
5745 ümumtəhsil və məktəbəqədər təhsil müəssisəsindən 508-i dizel yanacağı ilə, 445-i elektrik enerjisi ilə, 2034-ü odunla, 20758-i isə qazla isidilir. Bu il 1652 müəssisə bu problemlə bağlı Nazirliyə müraciət edib və hamısı istilik sistemi ilə təmin edilib: “Hazırda iki tip problemimiz ola bilər. Birinci tip problem istilik sistemi qoşulduqdan sonra ortaya çıxan bəzi nasazlıqlardır ki, onların səbəbi dərhal müəyyənləşdirilərək aradan qaldırılır. Hesab edirik ki, yaxın bir neçə həftə ərzində bu cür problemlərin ortaya çıxması gözləniləndir. Çünki sistem aprel ayında dayandırılıb və noyabr ayında yenidən işə salındıqda müəyyən nasazlıqların ortaya çıxması mümkündür. İkinci tip, yəni istilik sistemi ilə bağlı ciddi problemləri olan məktəblərdir ki, onlar istisna təşkil edir. Tutaq ki, məktəbin mövcud istilik sistemi sıradan çıxıb və əsaslı təmirə ehtiyac var. Yaxud bizdən asılı olmayan, məsələ “Azəristilik”dən qaynaqlanan problemlərlə bağlı da hər hansı narahatlıq yarana bilər ki, belə vəziyyətlərdə onların tez həlli mümkün olmur”.
Ruhiyyə DAŞSALAHLI