Gəncə şəhər 16 və 14 nömrəli tam orta məktəblərin şagirdləri Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinə dostluq səfəri ediblər. Səfər “Şəhərdən kəndə, kənddən şəhərə” layihəsi çərçivəsində baş tutub.

 

Qeyd edək ki, hər üç məktəbin 44 günlük Vətən müharibəsində şəhid olan müəllimləri var. Vidadi İsrafilov Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbin riyaziyyat, Rabil İsmayılov Gəncə şəhər 14 nömrəli tam orta məktəbin riyaziyyat, Rəşad Məmmədov isə Gəncə şəhər 16 nömrəli tam orta məktəbin tarix müəllimi olublar.

 

Dostluq tədbirində əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra isə səslənən çıxışlarda şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin davamlı olmasının vacibliyi vurğulanıb, Vətən müharibəsində canını fəda edən şəhidlərimizin qəhrəmanlıqlarının təbliği istiqamətində ardıcıl işlər aparmağın önəmi qeyd olunub.

 

Bildirilib ki, məktəbin müəllimləri bu vacib məsələlərin öhdəsindən layiqincə gəlməyə qadirdir.  Vurğulanıb ki, belə görüşlər şəhər və kənd məktəblərinin doğmalaşması, onlar arasında təcrübə mübadiləsi və ortaq qərarların qəbulunda müsbət  rol oynaya bilər.

 

Görüşün sonunda Gəncə şəhər məktəbliləri  gətirdikləri sovqatları Gurbulaq kənd ümumi orta məktəbinin şagirdlərinə  təqdim ediblər.

 

Sifai SƏFƏROVA