26 Noyabr- Azərbaycan Kəlağayısı Günü münasibətilə Şəkidə festival keçirilib
Elm və Təhsil Nazirliyinin dəstəyi, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsi, Şəki və İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf mərkəzlərinin təşkilatçılığı ilə Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində “Nənəmdən miras qalan ismətimdir kəlağayı” adlı festival keçirilib. Festivalda Elm və Təhsil Nazirliyinin, Şəki Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid anaları, qazilər, uşaq və yeniyetmələr iştirak ediblər.
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzindən bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd kəlağayı sənətini gənc nəslə tanıtdırmaq, bu sənətin incəliklərini öyrətmək, eləcə də kəlağayının Azərbaycan qadını üçün önəmini çatdırmaqdan ibarətdir.
26 Noyabr- Azərbaycan Kəlağayısı Günü münasibətilə keçirilən festivalın açılış günündə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Dekorativ tətbiqi sənət”, “Təsviri incəsənət studiyası”, “Bədii tikmə” dərnəkləri üzvlərinin kəlağayı mövzusunda işlədikləri rəsmlər və əl işlərindən ibarət sərgi nümayış olunub.
Sərgidə Basqal Kəlağayı sexinin baş ustası Məlahət Talıblının iştirakı ilə ustad dərsi keçirilib, kəlağayı üzrə ekspert Rəna İbrahimli isə “Kəlağayı simvolizmi və ənənəvi sənəti” mövzusunda mühazirə söyləyib.
Festivalın 2-ci günü mərkəzin dərnək üzvləri kəlağayı sənəti, kəlağayının hazırlanma texnologiyası və istehsal prosesi ilə daha yaxından tanışlıq məqsədi ilə kəlağayı sənətinin vətəni olan Şəki və İsmayıllı rayonlarına yola düşüblər.
Şəki Şəhər İpək Kombinatında ekskursiyada olan dərnək üzvləri burada kəlağayı üçün ipək sapların necə əldə edilməsi, hazır ipəkdən kəlağayı hazırlanması və boyanması, naxışlarla bəzədilməsi ilə yaxından tanış olublar.
Daha sonra dərnək üzvləri Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yaraşıqdır kəlağayı” konsert proqramı ilə çıxış ediblər. Burada onların “Kəlağayı təsviri sənətdə” adlı əl işlərindən və rəsmlərindən ibarət sərgiləri də nümayiş olunub.
Növbəti gün İsmayıllı rayonunda olan dərnək üzvləri İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ilə tanış olub, burada milli rəqs və mahnılarımızdan ibarət konsert proqramı ilə çıxış ediblər.
Festival çərçivəsində uşaq və yeniyetmələr kəlağayı irsi ilə yaxından tanış olub, bu mirasın mənəvi dəyərini bir daha anlayıblar.