Naxçıvan Müəllimlər İnstitutunda “Gəncliyimiz gələcəyimizdir" mövzusunda konfrans keçirilib.

 

İnstitutun rektoru Azad Novruzov konfransın əhəmiyyətinə toxunaraq gənclərin formalaşmasında və gələcək inkişafında belə tədbirlərin rolundan danışıb. Bildirib ki, müasir gəncliyin inkişafı əsas prioritetlərdəndir. Rektor gəncləri hər zaman fəal olmağa, onlar üçün yaradılan imkanlardan yararlanmağa çağırıb.   

 

Konfransda Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacıyevin “Azərbaycan gəncliyi dövlət siyasətinin tərkib hissəsi kimi”, xarici əlaqələr üzrə mütəxəssis Günay Fərəcovanın “Beynəlxalq proqramlar çərçivəsində institutun əlaqələri və tələbələrin bu proqramlardan yararlanmaq imkanları”, Ali riyaziyyat və informatika kafedrasının baş müəllimi Fidan Əzizovanın “Naxçıvan Müəllimlər İnstitutunda STEAM təhsili və START-UP layihələrinin dəstəklənməsi” və Tələbə Gənclər Təşkilatının sədri Aygül Məmmədovanın “Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Gənclər Təşkilatlarının fəaliyyəti və gələcək perspektivləri” mövzusunda çıxışları dinlənilib.

 

Sonda institutun “Tarix müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Abutalıb Ağa Kəngərli muxtar respublika turunda II yerə layiq görülmüş startap layihəsini təqdim edib, tələbə yoldaşlarına təcrübəsi əsasında bu fəaliyyətdə uğurlu olmağın yollarından danışıb.