Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Gəncə Dövlət Universitetində olub


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Fergus Auld Gəncə Dövlət Universitetində (GDU) olub.

 

Səfirlə görüşən universitetin rektoru Yusif Yusibov qonağa ali təhsil ocağının fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor bildirib ki, GDU-nun iqtisadiyyat və idarəetmə, həmçinin kimya-biologiya fakültələrində tədris ingilis dilində aparılır və  hazırda 400-dən çox tələbə ingilis dili üzrə təhsil alır.

 

Səfir Fergus Auld Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və təhsil sahəsində əməkdaşlığın yüksək nəticələri olduğunu qeyd edib. Bildirib ki, uzun illər ərzində kifayət qədər azərbaycanlı Böyük Britaniyada təhsil alıb və almaqda davam edir.

 

Görüşdə universitet tələbələrinin ingilis dili üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq mərkəzin yaradılması və Böyük Britaniyanın  ali məktəbləri ilə əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.

 

Qeyd edək ki, görüşdə “British Council” təşkilatının Azərbaycan ofisinin direktoru Nərgiz Hacıyeva, təşkilatın meneceri Nərgiz Əkbərova, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, universitetin elm və innovasiyalar üzrə prorektoru, millət vəkili  Pərvin Kərimzadə, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, İnnovasiyalar Departamentinin  şöbə müdiri Razim Əliyev də iştirak ediblər'.

 

Nəzrin SEYİDƏLİYEVA