Çinin ölkəmizdəki səfiri Qo Min Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

 

Səfir Qo Min əvvəlcə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə səfirliyin nümayəndələri, Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov və AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva da iştirak ediblər.

 

Rektor Gülçöhrə Məmmədova tarixi İpək yolu üzərindən xalqlarımız arasında qurulan mədəni və iqtisadi əlaqələrə, son illər Prezident İlham Əliyevin Çinə rəsmi səfərlərinə, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən ikitərəfli görüşlərinə diqqət çəkərək əməkdaşlıq üçün münbit zəmin formalaşdığını qeyd edib. İki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini deyən rektor elm və təhsil sahəsində, o cümlədən AzMİU ilə Çin universitetlərinin potensial əməkdaşlıq imkanlarından danışıb.

 

Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdiyini deyən səfir Qo Min bildirib ki, səfirlik AzMİU ilə Çinin uyğun profilli universitetləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə, eyni zamanda ortaq təhsil və mədəniyyət layihələrinin həyata keçirilməsinə dəstək verməyə hər zaman hazırdır.

 

Görüşdən sonra AzMİU-nun İtaliya-Azərbaycan Dizayn Mərkəzində Çinin tarixinə və mədəniyyətinə həsr olunmuş universitet tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, eləcə də memarlıq fakültəsi tələbələrinin canlı iş prosesi (kalliqrafiya və kağızkəsmə) ilə tanışlıq olub.

 

Sərgi çərçivəsində Konfutsi İnstitutunun tələbələri Çin mədəniyyətindən müxtəlif nümunələr nümayiş etdiriblər.

 

Daha sonra AzMİU-da yaradılan yeni avadanlıqlarla təmin edilmiş Çin dili tədrisi mərkəzi ilə tanışlıq olub.

 

Sonda Çinin milli çay mədəniyyəti nümayiş etdirilib və Çin çayı, növləri, istifadə üsulları haqqında geniş məlumat verilib.