Bu gün Lənkəran Dövlət Universitetinin (LDU) şəhid məzunu, baş leytenant Vüsal Kazımovun anım günüdür. 2 il öncə Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vüsal Kazımovun ruhuna ehtiram əlaməti olaraq LDU-nun rektoru, professor Natiq İbrahimov başda olmaqla, universitetin kollektivi şəhidin məzarını ziyarət edib, önünə qərənfillər düzüblər.
Anım günündə şəhid Vüsal Kazımovun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən, döyüş yolundan, xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən söz açılıb, ruhuna dualar oxunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kazımov Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.
Məlumat üçün bildirək ki, Vüsal Kazımov LDU-nun sosial məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru Kamran Kazımovun oğludur.