İntellektual informasiya texnologiyaları və jurnalistika problemlərinə həsr olunmuş seminar keçirilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda intellektual informasiya texnologiyaları və jurnalistika problemlərinə həsr olunmuş seminar keçirilib.

 

İnstitutdan verilən məlumata görə, seminarda institutun baş mütəxəssisi Sünbül Zalova “Süni intellekt texnologiyalarına əsaslanan jurnalistika: müasir vəziyyəti, trendlər və prespektivlər” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, süni intellekt insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan və insan təfəkkürünün formalaşması təşəbbüsləri ilə bağlı olan elmi istiqamətdir.

 

Sonra S.Zalova pilotsuz uçuş aparatları olan dronlar haqqında məlumat verib və dron jurnalistikasından söz açıb Qeyd olunub ki, dron  pilotsuz uçuş aparatları sərhəddən gələn təhlükə, oğurluq və digər hadisələr haqqında məlumatları operativ şəkildə “əldə edə” bilirlər. O, 2017-ci ildə ABŞ-da baş verən təbii fəlakət zamanı dron çəkilişlərindən istifadə olunduğunu da diqqətə çatdırıb.

 

Məruzəçi müasir dövrün mediası üçün yeni imkanlar açan dron jurnalistikasının problemlərindən də danışıb: “Dronların şəxsi həyata müdaxiləsi, ölkələr arasında rəqəmsal bərabərsizliyi kəskinləşdirməsi, fərdi məlumatları əldə etməsi, eləcə də yalnış məlumatlar ötürə bilmə ehtimalı onun çatışmayan cəhətləridir. Jurnalistlər dronlardan istifadə edərkən hər zaman ekoloji şəraiti nəzərə almalı və qəzaların qarşısını almaq üçün bütün avadanlıqları uçuşdan əvvəl texniki baxışdan keçirməlidir”.

 

O, Peşəkar Dron Jurnalistləri Cəmiyyəti haqqında məlumat verərək bu Cəmiyyətin dron jurnalistikası sahəsində etik, təhsil və texnoloji istiqamətləri formalaşdıran ilk beynəlxalq qurum olduğunu diqqətə çatdırıb.

 

S.Zalova, həmçinin dron texnologiyaları və sosial media imkanları, bu texnologiyalardan istifadə qaydaları, dron jurnalistikasının perspektivləri, eləcə də aparılan tədqiqatlar, keçirilən konfranslar haqqında ətraflı məlumat verib.

 

Akademik Rasim Əliquliyev seminarda çıxış edərək mövzu ilə bağlı tövsiyələrini səsləndirib. Alim süni intellektin daha dərindən araşdırılmasını, eləcə də “data science” jurnalistika, informasiya müharibəsi texnologiyaları, konfliktologiya sahələri üzrə tədqiqatların aparılmasını tövsiyə edib.

 

Yusif ƏLİYEV