Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirilib.
Filialın direktoru, dosent Mobil Məcidov Azərbaycan dövlətçiliyi və ədəbiyyatı tarixində milli istiqlal şairi kimi tanınan Əhməd Cavadın yüksək vətənpərvərliyindən, xalqa, dövlətçiliyə sədaqətindən qürur hissi ilə danışaraq qeyd edib ki, Ə.Cavad M.F.Axundzadə, H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid və başqaları ilə başlayan Azərbaycan milli istiqlal ideyası və türkçülük məfkurəsinin davamçısıdır. Ə.Cavad görkəmli şair, maarifçi və ictimai xadim, Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin təməlçisi, milli azadlıq və istiqlal uğrunda mübariz, yaradıcılığı dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirən sənətkar kimi qiymətləndirilir.
Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev Əhməd Cavadın xalqın yaddaşında əbədi yaşayacağına əminliyini bildirib.
Sonra dosent Mətanət Fərzəliyeva “Əhməd Cavadın yaradıcılıq yolu”, gənc müəllim Maya Abdullayeva isə “Əhməd Cavadın dövrü və həyatı” mövzularında məruzə ilə çıxış ediblər.
Məruzələrdə şairin həyatı, dövrü və onu yüksək amallar şairi kimi yetişdirən ictimai-siyasi mühitdən bəhs olunub.
Sonda Pedaqoji fakültənin bir qrup tələbəsinin təqdimatında şairin yaradıcılığından lirik nümunələr və sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.