Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev və nümayəndə heyəti Türkiyənin Ankara şəhərində Türk Qastroenterologiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən “39-cu Beynəlxalq Qastroenterologiya həftəsi və 10-cu Qastroenterologiya Cərrahiyyə Konqresi”ndə iştirak ediblər.

               

Dünyanın 20-dən çox ölkəsindən, 1500-dək iştirakçının qatıldığı beynəlxalq konqres dünya qastroenteroloqlarını, universitet və dərnəklərini bir araya gətirərək, müasir texnologiyalar, müayinə və müalicə üsullarını təhlil edib. Konqresdə simulyasiyalara əsaslanan təlim metodlarının tibb tədrisindəki əhəmiyyəti, canlı heyvanlar üzərində aparılan endoskopik əməliyyatlar simulyasiyalar vasitəsilə çatdırılıb.

               

Konqres çərçivəsində NDU-nun uzun müddət əməkdaşlıq etdiyi İzmit Kocaeli, eyni zamanda Rizə Rəcəb Tayyib Ərdoğan universitetlərinin rektorları ilə görüşlər keçirilib. Görüşlərin əsas məqsədi müxtəlif universitetlər, dərnək və cəmiyyətlərlə əməkdaşlığın yaradılmasıdır.

               

Qeyd edək ki, konqres gələcəkdə NDU-da canlı heyvanlar üzərində aparılan əməliyyatların  simulyasiyalarla keçirilməsi, bu məqsədlə ənənəvi və onlayn  kursların təşkili, tələbə və rezidentlərin bu xətt üzrə xaricdə kurslara göndərilməsi, həmçinin qardaş ölkənin tibb mütəxəssisləri ilə təcrübələrin  bölüşdürülməsi, universitetlər və cəmiyyətlər arasında koordinasiyanın qurulması, tibbin aktual sahələrinə dair elmi araşdırmaların tibb təhsilinə innovasiyası baxımından böyük əhəmiyyət daşıyır.