Azərbaycan Vətən müharibəsindəki halal qələbəsinə haram qatılmasına imkan verməyəcək


Fransanın işğalçı və cinayətkar Ermənistanı müqafiə fonunda Azərbaycana qarşı göstərdiyi qərəzli münasibət bu gün yaxın keçmişdəkindən daha sistemli və daha sərt formaya keçib. Məsələ hazırki prezident Emmanuel Makronla, onun şəxsiyyəti, xarici siyasətindəki qüsurlarla bağlı deyil. Fransanın ermənipərəst siyasəti Şak Şirakın, Nikola Sarkozinin və digərlərinin idarəçiliyi zamanında da elə  belə idi. Çünki Fransa heç bir zaman Azərbaycana gerçək dost münasibəti göstərmədi; ərazisinin 20 faizini itirmiş Azərbaycanın haqqını tələb etmədi; ATƏT-in Minsk Qrupunda təmsil olunmasına baxmayaraq, münaqişənin həllinə təsirli dəstək vermədi; bu gün isə Azərbaycanla dost olmaq istəməməkdə, işğalçı Ermənistanın  yanında durmaqda daha israrlı davranır.

 

Səbəb əlbəttə ki, aydındır. Azərbaycan 30 illik Qarabağ münaqişəsini öz gücü ilə həll etməyi bacardı; işğalçı Ermənistanı torpaqlarından qovdu; dünyada qalib dövlət imicini formalaşdırdı. Fransa Azərbaycanın möhtəşəm Qələbəsini həzm etməkdə məğlub Ermənistandan heç də az əziyyət çəkmir.

 

İki il əvvəl Fransanın tutduğu mövqeyi xatırlatmaqda fayda var. II Qarabağ müharibəsində torpaqlarımız erməni silahlı qüvvələrindən bir-bir təmizləndikcə Fransa nə edirdi? Azərbaycan rəhbərliyinə rəsmi Parisdən davamlı zənglər gəlirdi. Bu zənglərdə müharibəni dayandırmaq çağırışları israrlı idi; Zənglər Ermənistanı qorumaq, onun maraqlarını müdafiə etmək xarakteri daşıyırdı. İşğalçı Ermənistana bu qəyyumluq sığalı Fransanı yenidən beynəlxalq ictimai rəyə ədalətsiz, cinayətkarı qoruyan, hüquq pozuntularına göz yuman, haqsızlığı öz adı ilə çağırmayan bir ölkə kimi tanıdırdı. Fransa isə bundan əsla narahat deyildi. Əgər narahat olsaydı, sülh müqaviləsinin imzalanmasına hazırlıq getdiyi bir ərəfədə işğalçının əl-qolunu açan, sülh prosesini pozan son addımını atmazdı. Söhbət Fransa Milli Assambleyasının,  Senatının Azərbaycanla bağlı sonuncu qətnaməsindən gedir ki, bu qətnamə son dərəcə çirkin bir planın tərkib hissəsidir.

 

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubiley tədbirindəki çıxışında təsadüfən bu mövzuya toxunmadı. Çünki həqiqətən də Senatın qəbul etdiyi qətnamə Azərbaycana qarşı açıq təxribatdır. Bu təxribat erməniləri yeni hərbi toqquşmalara vadar edir, yenidən ərazi işğalına həvəsləndirir, bölgədəki sabitliyə xələl gətirir, ortada sülh müqaviləsinin imzalanmasına cəhdlər və hazırlıq, görüşlər varkən, prosesə əngəlləyici təsir göstərir. Görünən odur ki, bu gün beynəlxalq aləmdə Fransa qədər Vətən müharibəmizin nəticələrinə zərbə vurmağa çalışan ikinci bir dövlət yoxdur. Və görünən o ki,  Senat növbəti dəfə erməni lobbisinin əlində oyuncağa çevrilib. Qarşıdakı seçkilərdə erməni lobbisinin dəstəyinə ehtiyac Fransanın Ermənistana açıq-aşkar havadarlıq etməsini yenidən aktuallaşdırıb.  

 

Qətnaməyə diqqət edək.

 

Fransa senatorları istəyir ki, Avropa İttifaqı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycana qarşı siyasi, iqtisadi embarqolar tətbiq etsin. Gülməlidir deyilmi? Təbii ki, bu, sadəcə, hay-küydür, heç bir təsir gücü olan tələb deyil. Çünki Avropa İttifaqı Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına, kommunikasiyaların açılmasına çalışmaqda Fransadan daha səmimi, daha dürüstdür. Avropa İttifaqı platformasında sıx-sıx keçirilən görüşlər, qurumun rəhbəri Şarl Mişelin tərəflər arasında normal dialoq mühitinin yaradılmasına çalışması bunu gözəl təsdiqləyir. 

 

Qətnamənin digər müddəasında deyilir ki, Azərbaycan Ermənistanın ərazilərindən çıxmalı, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunmalıdır. Bu tələb Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə Fransanın hörmətsizliyidir.  Fransa senatorları hazırda sərhədlərin delimitasiyası və demarkasiyası müzakirələrini ya görmür, ya da mahiyyətini anlamırlar. Anlamırlar ki, Azərbaycan 30 il işğalda saxlanılan torpaqlarını Ermənistandan geri alıb, ədalət bərpa olunub, indi isə sıra delimitasiya və demarkasiyadadır.       

   

Digər müddəaya baxaq. "Dağlıq Qarabağ"ın müstəqilliyinin tanınması və orada yaşayan ermənilərin təhlükəsizliyinin qorunması kimi absurd bir məsələni qətnaməyə salmaq fransız senatorların dünyadan bixəbər olmalarının göstəricisidir. Məgər Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi varmı? Artıq Şərqi Zəngəzur və Qarabağ inzibati ərazi vahidləri mövcuddur. Orada yaşayan ermənilərə gəldikdə, Azərbaycan Prezidentinin sözü ilə ifadə etsək, erməni vətəndaşlar da Azərbaycanın digər vətəndaşları kimi eyni hüquqlara malikdir, onların təhlükəsizliyi, azadlığı və hüquqları Azərbaycanın qanunları ilə təmin ediləcək. Bu yerdə fransız senatorların erməni sevgisinə hər hansı lüzum da qalmır.

 

Əslində Fransa və Ermənistan bir dövlət olaraq bir-birlərinə çox bənzəyirlər. 

 

Fransa vaxtilə işğalçı, istismarçı, genosid cinayətlərində iştirak etmiş bir dövlətdir, baxmayaraq ki, özünü sivil dünyanın bir parçası, modern, demokratik dəyərlərə sadiq bir dövlət kimi təqdim edir. Fransanın ləkəli keçmişi tarixin tozlu arxivlərində itib-batmayıb; sirr olaraq saxlanılmır; gün işığına çıxarılıb və bütün dünya bilir ki, Fransanın Əlcəzairdə törətdiyi insanlıq cinayətləri, Afrikada istismarçılıq siyasəti tarixin təkzibolunmaz səhifələridir. Fransa irqçidir, müsəlmanlara, türklərə nifrət bəsləyir- bu da sirr deyil. Ona görə də Xocalı məsələsində heç bir zaman haqq səsini qaldırmadı. Qarabağda maddi mədəniyyət abidələrinə olan vəhşiliyi heç vaxt pisləmədi. 

 

Prezident İlham Əliyev  Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının  31-ci Zirvə toplantısında Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı xüsusilə vurğuladı, ona görə ki, Fransa gözə kül üfürə, demokratiya, insan haqlarından ağızdolusu danışa bilməz. Cibuti, Nigeriya, Çad, Mərakeş, Tunis, Vyetnam, Ruanda və digər ərazilərdə törədilən vəhşiliklərdə milyonlarla insanın yaşamaq hüququnu pozduğu halda, özünü dünyaya təmiz göstərə bilməz.   

 

Tarixi faktlar sübut edir ki, Fransa işğal zamanı Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdırıb, bu günədək həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Bu yerdə sual olunur: Fransa onun yolu ilə gedən Ermənistanı Qarabağda basdırdığı minalara görə qınayarmı? Əsla yox!

 

Məlumdur ki, Fransanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinin  nəticəsində XX əsrin ortalarında 9 milyonluq Əlcəzair əhalisinin 1 milyonunu avropalılar təşkil etdi. Ermənistan işğal dövründə Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma örnəyini sözsüz ki, himayədarı Fransadan götürdü və ondan dəstək aldı. Fransa Ermənistanın bu hərəkətinə qarşı çıxardımı? Əsla! “Demokratik”, “sivil” Fransa. Gerçək üzü isə istismarçı, irqçi, islamafob, anti-türkçü...

 

Fransa sözügedən qətnamədə Azərbaycan Silahlı Qüvvələrinin “Laçın dəhlizi”ndən çıxarılmasına dair tələb irəli sürərkən həddini aşır, beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir. Bu, o deməkdir ki, Fransa Azərbaycanın sərhədlərini tanımır, qələbəmizi şübhə altına alır, bununla da dövlətlərarası münasibətlərdə gərginliyə əsas verir.

 

Fransanın son davranışlarındakı hədə-qorxu üslubu düşmənçilik siyasətidir. Azərbaycan isə Fransanın belə kobud, yanlış siyasi xətt götürməsindən əsla çəkinmir. Fransa atdığı addımların qarşılığında layiq olduğu cavabları alır. Azərbaycan Prezidenti bütün tribunalardan kəskin sözləri ilə, Milli Məclis bəyanatları ilə, Xarici işlər Nazirliyi etiraz notası ilə, ictimaiyyət isə əlindəki sosial şəbəkə platformalarından Fransanın mövqeyinə təsirli cavablar verir. Dünya azərbaycanlıları Avropada etiraz aksiyaları keçirir. Çünki qətnamədə qoyulan məsələlər ağ yalan, iftira, təxribatdır! Ermənistanı sülh prosesindən uzaqlaşdırmaq, müharibənin yenidən alovlandırılmasına təşviqdir.

 

Azərbaycan halal qələbəsinə haram qatılmasına imkan verməmək üçün daim ayıq-sayıqdır. İrəli baxır və Şərqi Zəngəzuru, Qarabağı  dirçəltmək siyasətində qətiyyətli addımlar atır. Bu addımlar nəticəsində dağılmış şəhər və kəndlər bərpa ediləcək, məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qaytarılacaq, bütün dünyaya bir daha göstəriləcək ki, Azərbaycan xalqı böyük və cəsur xalqdır! 

 

Vəfa ALLAHVERDİYEVA