Universitetdə Slovakiyanın tarixi və memarlıq irsi ilə bağlı sərgi açılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünyanın şah memarlıq əsərləri” adlı yeni və maraqlı fotolayihənin açılış mərasimi olub.  İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tanınmış azərbaycanlı peşəkar fotoqraf, incəsənət kuratoru Aydın Sadıxovun təşkilatçılığı ilə keçirilən layihədə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, Slovakiyanın ölkəmizdəki səfiri Milan Laychak və konsul Mihal Teshlar iştirak ediblər. 

 

Açılış mərasimində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov çıxış edərək “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihə barədə qonaqlara məlumat verib. O, layihədə əsas məqsədin dünyanın müxtəlif ölkələrinin memarlıq xüsusiyyətləri, tarixi və mədəni irsi, eləcə də dizayn sahəsində yeniliklərlə tanışlıqdan ibarət olduğunu bildirib, “Dünyanın şah memarlıq əsərləri” adlı silsilə fotolayihənin uzunmüddətli nəzərdə tutulduğunu qeyd edib.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova layihənin fərqli memarlıq nümunələrini öyrənmək, təbliğ etmək baxımından önəminə diqqət çəkib. Slovakiya memarlığının Avropa memarlığında xüsusi yerə sahib olduğunu qeyd edən professor G.Məmmədova bildirib ki, bu layihə AzMİU tələbələrinin, memarlıq üzrə professor-müəllim heyətinin Slovakiya memarlığının  şah əsərləri ilə bağlı daha çox məlumat əldə etməsinə şərait yaradacaq.

 

Rektor AzMİU ilə Slovakiya Texniki Universiteti arasındakı faydalı əməkdaşlığa toxunaraq layihənin, ümumiyyətlə qarşılıqlı əlaqələrin Slovakiyanın digər ali təhsil müəssisələri ilə də əməkdaşlığa zəmin yaradacağına ümidvar olduğunu deyib.

 

Səfir Milan Laychak layihənin təşkilinə görə AzMİU rektoruna, təşkilatçılara  təşəkkürünü bildirib, Bakıda, xüsusilə memarlıq təhsili üzrə böyük ənənələrə sahib bir universitetdə Slovakiya memarlığının təbliğini böyük dəyər və iki ölkə arasındakı dostluğun təzahürü kimi qiymətləndirib. Slovakiya, bu ölkənin memarlıq inciləri haqqında məlumat verən səfir AzMİU ilə Slovakiya ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı üçün dəstək göstərməyə hazır olduqlarını qeyd edib. 

 

Fotoqraf və səyyah, sərginin müəllifi Aydın Sadıxov  sərgidə nümayiş olunan əsərlərlə bağlı məlumat verib. Bildirib ki, 20 əsərdən ibarət fotosərgidə Slovakiyanın nadir memarlıq nümunələrinin, o cümlədən Bratislava, Orava, Stara Lubovna, Spis, Beckov, Şaxtice, Devin və Trencin qalalarının əsrarəngiz görüntüləri sərgilənir.

 

Sonda sərgiyə baxış keçirilib.