Naxçıvan Dövlət Universitetində “Əhməd Cavad -130” mövzusunda elmi konfrans keçirilib.
Universitetin rektoru Elbrus İsayev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış ictimai xadim Əhməd Cavadın azadlığa yol açan, maarifçiliyə işıq tutan ideyaları barədə danışıb. Bildirib ki, istiqlal ədəbiyyatına xidmət edən şairin türkçülüklə, Azərbaycanın müstəqilliyi ilə bağlı əsərləri, dövlət quruculuğu sahəsindəki fəaliyyəti milli nöqteyi-nəzərdən böyük maraq doğurur:”Hələ Gəncə mədrəsəsində oxuduğu illərdən Əhməd Cavadın dünyagörüşünün formalaşmasında turançılıq ideyaları özünü göstərməyə başlayıb. Bu təsir Balkan savaşı və Birinci dünya müharibəsi illərində şairin ədəbi-bədii yaradıcılığında aparıcı xətt kimi ümumtürkçülük fəlsəfəsinə çevrilib. Latın qrafikalı əlifbanı müdafiə edən ilk ziyalılardan olan, Balkan müharibəsində iştirak edən, könüllü əsgər kimi İstanbulun azad olunması uğrunda döyüşən Əhməd Cavad Türkiyə ərazisindəki əsir, qaçqın və köçkünlərə yardım hərəkatının aktiv iştirakçılarından olub. Bakıdakı ”Cəmiyyəti-xeyriyyə” təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci il repressiyasının qurbanı olub”.
“Əhməd Cavad və ədəbi dilimiz” mövzusunda çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova romantik şairin yaradıcılığının Azərbaycan dilinin inkişafına, lüğət tərkibinin zənginləşdirilməsinə təsirindən bəhs edib.
Əhməd Cavadı “istiqlalın poetik tərənnümçüsü” kimi təsvir edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov bildirib ki, bədii dildə sözlər poetik mərama xidmət göstərərək mühüm məntiqi-üslubi səciyyə daşıyır:”Dilimizin təəssübkeşi kimi Əhməd Cavadın bədii sənətkarlıq keyfiyyətləri zəngindir və onların linqvistik cəhətdən araşdırılması bir sıra poetik dilçilik faktlarının bilinməsinə imkan yaradır”.
Konfrans bədii hissə ilə başa çatıb.