Payız-qış mövsümü ilə əlaqədar noyabrın 1-dən respublikanın dağ və dağətəyi ərazilərində, 15-dən isə digər bölgələrdə yerləşən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesinə başlanılıb.

 

Ölkə ərazisində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin 62 faizində istilik təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

 

Qeyd olunan təhsil müəssisələrinin istilik təminatında yarana biləcək problemlərin əvvəlcədən aradan qaldırılması məqsədilə cari ilin avqust ayından istilik sistemlərinin yoxlanışı və təmiri istiqamətində işlərə başlanılıb. Bundan əlavə, “Azəriqaz” İB ilə əməkdaşlıq çərçivəsində 1-20 oktyabr tarixlərində təhsil müəssisələrinə test rejimində mavi yanacaq verilməsi təmin edilib. Bu da istilik sitemlərinin yoxlanışı və təmiri işlərini sürətləndirib.

 

Yoxlamalar zamanı aşkar edilmiş problemlərin həlli məqsədilə cari ilin sentyabr ayından intensiv təmir işlərinə başlanılıb və 1200-dən çox təhsil müəssisəsində yaranan problemlərlə bağlı işlər tam şəkildə yekunlaşıb. Hazırda təhsil müəssisələrinin istilik sistemlərinin monitorinqi və istiliyin verilməsi ilə yaranmış problemlərin həlli istiqamətində işlər davam etməkdədir.

 

Elm və Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin 38 faizi odun, dizel, elektrik radiatorları və digər vasitələrlə qızdırılır. Payız-qış mövsümünə hazırlıq çərçivəsində bu təhsil müəssisələrinin müvafiq yanacaqla təminatı prosesi davam etdirilir.

 

Bundan başqa, artıq ikinci ildir ki, odundan istifadə edən bir sıra məktəblərin ekoloji cəhətdən təmiz olan pellet yanacağına keçidi də həyata keçirilib. Qazax, Tovuz və Ağstafa rayonlarında yerləşən 44 təhsil müəssisəsində 800-dən artıq pellet sobası quraşdırılıb və yanacaq təminatı icra edilib. 

 

Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsümboyu davam etdiriləcək.