700 bal toplayan Rəmzi Abıyev universitet seçimindən danışdı
2018/19-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında II ixtisas qrupu üzrə 700 bal toplayaraq UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasına qəbul olunan Rəmzi Abıyev Prezident təqaüdçüsüdür. “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Rəmzi Abıyev seçimindən danışıb.
- İmtahanlarda 700 bal toplayıb Prezident təqaüdünə layiq görüldünüz. Maraqlıdır, niyə UNEC?
- Məncə, UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır. Əminliklə deyə bilərəm ki, 2-ci qrup üzrə ən yaxşı ixtisaslar buradadır. Bundan əmin olmaq üçün xeyli araşdırma apardım. UNEC haqqında kifayət qədər məlumat topladım.
-Topladığınız məlumatlar hazırda təhsil aldığınız universitetin hansı üstünlüklərini üzə çıxartdı?
-UNEC-də ən yüksək bal toplayan tələbələr ali təhsil alır. Bu fakt özlüyündə UNEC haqqında çox söz deyir. Hələ UNEC-ə daxil olandan əvvəl mən öyrəndim ki, burada dərs deyən müəllimlər çox savadlıdır. UNEC-in digər üstünlüyü burada xarici ölkələrlə əlaqəli müxtəlif təhsil proqramlarının tələbələrə təklif edilməsidir.
- Düzdür, dərslər hələ təzə başlayıb və hələ seçiminizdə nə qədər haqlı olduğunuzu müəyyənləşdirməyiniz çətindir. Ancaq ilk günün təəssüratından danışa bilərsiniz: tədris prosesi haqqında nə düşünürsünüz?
- Burada dərs deyən müəllimlər ixtisası üzrə aparıcı müəssisələrdə, böyük holdinqlərdə, şirkətlərdə işləyirlər və bu müəssisəyə sadəcə gənclərə öz ixtisasını tədris etməyə gəlirlər. İlk təəssüratım çox yaxşıdır. Dərsə davamiyyətdən tutmuş tədrisə qədər hər proses elektronlaşdırılıb. Fikrimcə bu, əlavə vaxt itkisinin qarşısını alır. Tədrisdə ürəyimcə olan əsas məsələ isə dərslərimizin ingilis dilində olmasıdır. Bu mənim üçün çox önəmlidir. Təhsilimdə əsas diqqəti ingilis dilinə verirəm. Biznes sahəsində çoxlu biliklərə yiyələnmək istəyirəm. Məncə, buna nail olmaq bu universitetdə elə də çətin olmayacaq. Çünki təhsil prosesi olduqca maraqlı gedir və əminəm ki, bundan sonra daha yaxşı olacaq.