Özbəkistanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev bu ölkənin xalq təhsili naziri Baxtiyar Saidov ilə görüşüb. 

 

Görüş zamanı ümumi təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, şagird və müəllim mübadilə proqramlarının həyata keçirilməsi, iki ölkənin tarixi və ortaq dəyərləri ilə əlaqədar məktəblilər arasında təqdimatların təşkili, o cümlədən qardaşlaşmış məktəblərin sayının artırılması məsələləri müzakirə olunub. 

 

Elm və təhsil naziri ölkəmizin son illər ərzində təhsil sahəsində əldə etdiyi uğurlar, eləcə də STEAM və rəqəmsal bacarıqlar, şagirdlərin beynəlxalq qiymətləndirmə proqramlarında (PISA, PIRLS, TIMSS) iştirakı ilə bağlı Azərbaycanın təcrübəsini bölüşüb. 

 

Nazir 5-9 dekabr 2022-ci il tarixlərində ölkəmizdə keçirilməsi nəzərdə tutulan STEAM festivalında Özbəkistan məktəblilərinin iştirakı ilə əlaqədar məmnunluğunu ifadə edib. 

 

Eyni zamanda Emin Əmrullayev işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistan hökumətinin məktəb tikintisi ilə bağlı təşəbbüsünə görə təşəkkürünü bildirib.