Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Debat klubunun XXIII daxili turniri keçirilib. 30 komandanın iştirak etdiyi turnir “Beynəlxalq yarışların keçirilməsi ölkənin inkişafında effektiv rol oynayır” mövzusunda keçirilib.
Turnirin final mərhələsinin açılış mərasimində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Bayram Aslanov çıxış edərək debatçılara uğurlar arzulayıb. Qeyd edib ki, AzMİU rəhbərliyi tərəfindən tələbələrin fərdi inkişafı üçün müxtəlif addımlar atılmaqdadır.
Tələbələr arasında debat yarışlarının təşkili, komandaların formalaşdırılmasının da bu qəbildən olduğunu deyən THİK sədri tələbələri ictimai, siyasi məsələlərdə, dövlət əhəmiyyətli mövzularda aktiv olmağa çağırıb.
Sonra debat başlayıb. Turnirin qalibi “Söhbətdən kənar” komandasını məğlub edən “Niyə də yox?!” komandası olub.
Qaliblər elan olunduqdan sonra I və II yerin sahibləri diplom, medal və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, finalda çempion komandanın üzvləri Ömər Mehdixanlı, Zeynəb Həsənova və Sevər Hacıyeva olub.