Mingəçevir Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Konstitusiya Gününə həsr edilən elmi-nəzəri konfrans keçirilib. Konfransda şəhər İcra Aparatının məsul əməkdaşları, hüquq- mühafizə orqanlarının rəhbərləri, universitetin akademik, inzibati və tələbə heyəti, YAP Mingəçevir şəhər təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və mətbuat işçiləri iştirak ediblər.

 

Konfransın açılışında Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov və YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev çıxış ediblər. Açılış nitqlərində qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqillik dövrünün ilk Konstitusiyası milli dövlətçilik tarixində müstəsna əhəmiyyətə malikdir. Ali Qanun müasir Azərbaycanın inkişafında, dövlət quruculuğunda, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında və vətəndaş cəmiyyətinin formalaşmasında böyük rol oynayıb və hazırda da ölkəmizin demokratik, hüquqi, dünyəvi dövlət olaraq hərtərəfli inkişafına təminat yaradır. Yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar olaraq Konstitusiyaya bir neçə dəfə əhəmiyyətli əlavə və dəyişikliklərin edilməsi dövlətimizin siyasi, iqtisadi və hüquqi əsaslarının daha da möhkəmlənməsinə xidmət edir. Qürurverici haldır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər dövlətimizin konstitusion əsaslarını tam təmin etdi.

 

Açılış nitqlərindən sonra konfransda məruzələr dinlənilib.