Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini başlıca vəzifələrindən biri olaraq müəyyən edən Mingəçevir Dövlət Universitetində 2-7 noyabr tarixləri Zəfər Gününə həsr olunan müxtəlif formatlı silsilə tədbirlərlə əlamətdar olub. Tədbirlər 44 günlük Vətən müharibəsi və şanlı Zəfərlə bağlı tarixi həqiqətlərin, post-müharibə dövrünün reallıqları və imkanlarının araşdırılması, öyrənilməsi, eləcə də ölkə və onun hüdudlarından kənarda daha geniş ictimaiyyətə çatdırılması, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin gənc nəsil arasında təbliğ edilməsi işlərinə töhfə məqsədi daşıyıb.
Zəfər Gününə həsr olunan elmi konfranslar
Noyabrın 2-də Mingəçevir Dövlət Universitetində “Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsidir” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı MDU-nun rektoru Ş.Bayramov açaraq Şuşanın xalqımız üçün tarixi əhəmiyyətə və yüksək mədəni-mənəvi dəyərə malik olduğunu vurğulayıb. Qeyd edilib ki, strateji mövqedə yerləşən bu şəhərin Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində erməni işğalından azad edilməsi düşmənin kapitulyasiyasına və tezliklə şanlı Qələbənin qazanılmasına səbəb oldu.
Konfransda Qarabağ Zəfərindən dərhal sonra Şuşanın əvvəlki tarixi görkəminin və mədəni ruhunun bərpa edilməsi istiqamətində dövlətin həyata keçirdiyi kompleks və sistemli tədbirlərdən danışılıb. Prezidentin müvafiq sərəncamlarına əsasən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin “Şuşa İli” elan edilməsinin mühüm tarixi əhəmiyyətə malik hadisə olduğu bildirilib.
Sonra məruzələr dinlənilib. Məruzəçi qismində MDU-nun “Azərbaycan bayrağı” ordenli tələbəsi Elnur Salahov və MDU-nun Vətən müharibəsi iştirakçısı olan əməkdaşı Qaragöz Kərimov da çıxış ediblər.
***
Noyabrın 3-də MDU-da keçirilən digər elmi-nəzəri konfrans “Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş ümumxalq Zəfəri” mövzusuna həsr edilib. Tədbirə şəhid ailələrinin üzvləri və qazilər dəvət olunub.
Konfransda ali təhsil müəssisəsinin rektoru Ş.Bayramov çıxış edərək şanlı qalibiyyətin qazanılması ilə ümummilli lider Heydər Əliyevin vəsiyyətinin yerinə yetirildiyini bildirib. Qeyd olunub ki, uzun müddət işğal altında qalmış əzəli torpaqlarımızda hazırda Azərbaycanın üçrəngli bayrağının dalğalanması, erməni vandalizminə məruz qalan ərazilərdə sürətli quruculuq və abadlıq işlərinin həyata keçirilməsi və buranın əsl sahiblərinin doğma yurdlarına qayıtmağa başlaması hər birimizdə böyük qürur hissləri yaradır. Bütün bunlara görə Vətən uğrunda canından və qanından keçən şəhidlərimizə borclu olduğumuzu bildirən Ş.Bayramov Azərbaycanın xoşbəxt və firavan gələcəyi naminə şəhidlik zirvəsinə ucalan qəhrəman övladların əziz xatirəsinin heç vaxt unudulmayacağını deyib.
Zəfər Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra şəhid Yasən Əhmədovun həyat yoldaşı Aygün Əhmədova, şəhid Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova çıxış ediblər.
Konfrans məruzələrlə davam edib. Məruzəçilər arasında MDU-nun Vətən müharibəsi iştirakçısı olan kafedra müdiri Mahir İsmayılov da yer alıb.
Zəfər sərgisi
Noyabrın 3-də isə MDU-da tələbələrin Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub. Sərgidə tələbə gənclərin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri və işğaldan azad edilmiş digər doğma yurdlarımız, Qarabağın simvolu Xarıbülbül, tarixi, dini və mədəni abidələr, Vətən müharibəsi və Zəfər Günü ilə bağlı rəsmləri və əl işləri nümayiş etdirilib. MDU-nun rektoru Şahin Bayramov, şəhid ailələri üzvləri və qazilər sərgi ilə tanış olublar.
Ümumtəhsil məktəbi ilə birgə fəaliyyət
Noyabrın 4-də MDU və Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Shusha - The pearl of Azerbaijan culture” (Şuşa - Azərbaycan mədəniyyətinin incisidir) adlı ingilis dilində tədbir keçirilib. Çıxış edənlər belə bir tədbirin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılması baxımından universitet və məktəb kollektivi ilə birlikdə ingilis dilində keçirilməsinin önəmi vurğulanıb.
Zəfər Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra məktəb şagirdlərinin, universitetin müəllim və tələbələrinin ifalarında Şuşa haqqında və vətənpərvərlik mövzusunda şeir və musiqilər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Ədəbi-bədii gecə, Zəfər mühazirəsi
Noyabrın 5-də MDU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ədəbi-bədii gecə, və tələbə və magistrantlar üçün “44 günlük Vətən müharibəsi Azərbaycan xalqının zəfər tarixidir” mövzusunda mühazirə keçirilib.
Qardaş Türkiyə universitetləri ilə birgə tədbirlər
Cari ilin noyabrın 7-də isə Azərbaycanın Türkiyədəki səfirliyi, MDU və Türkiyənin KTO Karatay Universitetinin birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunan onlayn formatda tədbir keçirilib. Tədbirdə çıxış edən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, Qazi Universitetinin rektoru Musa Yıldız, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, KTO Karatay Universitetinin rektoru Fevzi Rifat Ortaç və MDU-nun rektoru Şahin Bayramov iki qardaş ölkənin ali təhsil müəssisələri arasında Zəfər Gününün qeyd edilməsindən məmnunluqlarını və əlamətdar tarixi gün münasibətilə təbriklərini ifadə ediblər. Çıxış edənlər Vətənin bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, dərin ehtiram və sonsuz minnətdarlıq hissləri ilə yad ediləcəyini bildirərək, bütün şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyiblər.
Qeyd olunub ki, 30 ilə yaxın erməni işğalına və vandalizminə məruz qalmış əzəli yurdlarımız düşmən tapdağından azad edildi və tarixi ədalət bərpa olundu. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin şücaəti sayəsində qazanılan Qarabağ Zəfəri Türk Dünyası tarixinin şanlı səhifələrindəndir. Hazırda özünün ən yüksək inkişaf səviyyəsinə çatmış Türkiyə-Azərbaycan qardaşlığı şanlı qələbənin əldə edilməsində əhəmiyyətli rol oynayıb və post-müharibə dövrünün yeni reallıqları şəraitində də gücünü və nüfuzunu bütün dünyaya nümayiş etdirir.
Panel sessiyada KTO Karatay Universitetindən professor Murat Canıtez “Qarabağ Zəfəri və beynəlxalq ticarətdə logistika komponentləri”, Şerife Nesimioğlu “Türkiyə-Azərbaycan enerji dialoqu: güclü tərəflər və fürsətlər”, MDU-dan dosent Vəfa Məhərrəmova “Tarixin, mədəniyyətin, qəhrəmanlığın və Zəfərin rəmzi Şuşa” və Gülər Əjdərzadə “Türk Dünyasının sosial-siyasi və etnik-mədəni inteqrasiyası” mövzusunda məruzələrlə çıxış ediblər.
Həmin günTürkiyədən olan tərəfdaş İstanbul Gedik Universiteti ilə də onlayn formatda birgə tədbir keçirilib. Tədbirin açılışında İstanbul Gedik Universitetinin rektoru Ahmet Kesik və MDU-nun rektoru Ş.Bayramov çıxış ediblər. Açılış nitqlərində Qarabağda qazanılan şanlı qalibiyyətin bütün Türk Dünyasının zəfəri olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətini, Ordumuzun yenilməz gücünü, qardaş Türkiyənin mənəvi dəstəyini, xalqımızın sarsılmaz birliyini və haqlı mövqeyini özündə cəmləşdirən “Dəmir yumruq” şanlı qələbənin rəmzinə çevrildi. Türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları səsləndirilərək qeyd olunub ki, hər iki ölkə arasında qardaşlıq münasibətləri 44 günlük Vətən müharibəsindən sonra daha da güclənib.
Sonra panel sessiyada müxtəlif mövzularında məruzələr dinlənilib.
Şəhid ailələrini ziyarət və onlarla görüş
Zəfər Günü münasibətilə MDU kollektivi bu ali təhsil müəssisəsinin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin, həmçinin, hazırda iki övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun ailələrini ziyarət edib və universitetdə onlarla görüş keçirib.
Görüşlər zamanı Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərin əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə anılıb və şanlı Zəfəri xalqımıza bəxş edən igid əsgər və zabitlərimizlə qürur duyulduğu bildirilib. Qeyd edilib ki, tarixi Zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhdilik zirvəsinə ucalıb. Həmçinin, MDU-nun bir məzunu bu ilin sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.