“SOS” Uşaq Kəndində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Mickeys House” uşaq bağçasının təşkilatçılığı ilə 21 Sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dünyanın səsi – sülhün qüvvəsi” adlı tədbir keçirilib.
“Sülh günü” və “Sülh aylığı”nın yaranma tarixindən söz açan F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova bildirib ki, sülh dinclik, əmin-amanlıq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Ş. Qəmbərova bu gün münasibətilə uşaqları təbrik edib, onlara xoş arzularını çatdırıb. Tədbirdə uşaq bağçasının fidanları bədii kompozisiya, şən rəqslər və müxtəlif əyləncəli proqramlarla çıxış ediblər. Sonra hər bir uşağa kitabxana rəhbərliyi tərəfindən müxtəlif kitablar, uşaq bağçasının uşaqlarına isə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.
Sonda “SOS” Uşaq Kəndinin direktoru Oleq Əmrahov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Sifai SƏFƏROVA