Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri NDU-da olub


Ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, bu qədər geniş tərkibdə diplomatik heyəti burada qarşılamaqdan məmnunluq hissini ifadə edib. Rektor bu il 55 yaşı tamam olan ali təhsil ocağının beynəlxalq əlaqələrdə qazandığı uğurları diqqətə çatdırıb.

 

Qeyd edilib ki, ali təhsil ocağı beynəlxalq əməkdaşlıqda Avropa universitetləri ilə əlaqələrə  xüsusilə üstünlük verir. Vurğulanıb ki, bu gün görüşdə iştirak edən diplomatik nümayəndəliklərin əksəriyyəti Naxçıvan Dövlət Universitetində bir neçə dəfə olub, tələbələr üçün mühazirə deyiblər. Elbrus İsayev ERASMUS layihəsi çərçivəsində ali təhsil ocağının Avropa İttifaqına üzv olan ölkə universitetləri ilə apardığı beynəlxalq əməkdaşlıqdan bəhs edib. Diqqətə çatdırılıb ki, bu layihə çərçivəsində Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti Avropa ölkələrində müxtəlif təlimlərdə iştirak edib və təcrübə əldə edib.

 

Almaniya dövləti ilə olan əlaqələrdə tibb təhsilinin təkmilləşdirilməsi və peşəkar təcrübənin əldə olunması məsələlərinin durduğunu deyən rektor universitet müəllimlərinin TEMPUS, Erasmus+Nizami layihəsi çərçivəsində Almaniya universitetlərində təlimlər keçdiyini qeyd edib. Fransız dilinin tədrisi ilə bağlı Fransa dövləti ilə səmərəli əməkdaşlıqdan söz açılıb. Rektor ERASMUS+NİZAMİ layihəsi çərçivəsində İsveç, MUMENA layihəsi çərçivəsində Niderland, AESOP  layihəsi çərçivəsində Polşa, ERASMUS HUMERIA proqramı çərçivəsində Estoniya, TEMPUS layihəsi çərçivəsində Belçika, TEMPUS MUMENA, TEMPUS CURDEUS layihələri çərçivəsində İtaliya, Latviya, Litva ölkələrinin universitetləri ilə aparılan beynəlxalq əməkdaşlıqların tarixinə nəzər salıb.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko Naxçıvan Dövlət Universitetində olmaqdan şad olduğunu ifadə edib. İnsan kapitalı istənilən cəmiyyətin təməlini və əsas sütununu təşkil edir deyən səfir insanların bilik və bacarıqlarının artırılmasının cəmiyyətin inkişafına mühüm töhfə verdiyini qeyd edib. Diplomat Azərbaycan ilə Avropa İttifaqı arasında təhsil sahəsində qazanılan uğurlardan bəhs edib. Bildirilib ki, bu göstərici bu il ən yüksək nəticə ilə yadda qalıb. Səfir Azərbaycan universitetlərinin ERASMUS layihəsi çərçivəsində Avropa İttifaqı ilə üzv olan ölkələr arasında beynəlxalq əməkdaşlıqlarından söz açaraq qrant layihələrində qazanılan uğurları diqqətə çatdırıb. O, eyni zamanda Naxçıvan Dövlət Universiteti ilə təhsil sahəsində perspektivləri müzakirə edib və gələcək əməkdaşlıq məsələləri barədə danışıb.

 

Qeyd edək ki, görüşdə Almaniya, Fransa, Niderland, Polşa, İsveç, Belçika, Çexiya, Finlandiya, Slovakiya, İtaliya, Rumıniya, Xorvatiya, Estoniya, Latviya, Litva respublikalarının Azərbaycandakı səfirləri iştirak ediblər.

 

Səadət ƏLİYEVA