Təhsil aldığım Bakı şəhəri Səbail rayonundakı 51 nömrəli tam orta məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi üçün tez-tez müxtəlif tədbirlər keçirilir. Məktəbimizin məzunlarından şəhid olan qəhrəmanların anım və doğum günləri həmişə diqqətdə saxlanılır, onların valideynlərinin, döyüş yoldaşlarının, İkinci Qarabağ müharibəsində qazi olan məzunlarımızın iştirakı ilə xatirələri anılır, ədəbi-bədii görüşlər keçirilir.

 

8 noyabr Zəfər Günü ərəfəsində VIII “A” sinfinin şagirdləri İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Oktay Səfərovun doğulub boya-başa çatdığı Saatlı rayonundakı Qaralar kəndinə getdik. Çünki bizim sinif xeyli vaxtdır şəhid O.Səfərovun adını daşısa da onun haqqında geniş məlumatımız yox idi. Sinif rəhbərimiz Rəhilə Muradovanın istirahət günlərində şəhid ailəsini ziyarət etmək təklifi hamımızın ürəyincə oldu. Məktəbimizin uşaq birliyinin rəhbəri Tofiqə Məcidova da sinif rəhbərimizlə birlikdə ziyarətə gedənlərə rəhbərlik edirdilər.

 

Əvvəlcə şəhid Oktay Səfərovun Qaralar kəndində yaşadığı evə getdik. Kənddə bizi şəhidin anası, bacısı və yaxınları qarşıladılar. Oktayın anası  Zülfiyyə Səfərova ilk olaraq Oktayın muzey kimi düzəltdiyi otağını bizə göstərdi. Otaqda şəhidin müxtəlif şəkilləri, hərbi geyimi, təltif olunduğu medallar asılmışdı. Zülfiyyə xanım bildirdi ki, oğlu Zəngilan, Qubadlı, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

 

“Hərbi komissarlıqdan çağırış gələndə Oktay çox sevinirdi. Onu müharibəyə aparanda üç dəfə avtomobildə yer olmadığına görə maşından düşürüblər. Lakin o, təkid edərək özünü döyüşə gedən yoldaşlarından ayırmayıb və beləcə qəhrəmanlıq dolu günləri başlayıb. Baş atıcı olduğuna görə həmişə ön cəbhədə döyüşüb. Oktayla sonuncu danışığımız noyabrın 2-də olub. Həmin vaxta qədər, demək olar ki, hər gün danışmışıq. Çətinlikləri barədə mənə heç nə deməzdi.  Ayın 2-dən 18-nə kimi oğlumdan məlumat ala bilməmişik. Elə uşaq idi ki, heç cür məni xəbərsiz qoymazdı. Artıq noyabrın 11-dən narahat oldum. Hər yerdə onu axtardım. Noyabrın 18-də nəşini Füzuli rayon Diaqnostika Mərkəzində tapdım. Ayın 19-da kəndimizdə dəfn olundu.

 

Anası vurğuladı ki, Oktay çox mehriban, qayğıkeş,  ağıllı uşaq idi. Savadlı idi, ancaq ali məktəbə daxil olmaq ona qismət olmadı. 11-ci sinfi bitirəndə universitetə girməyə 5 balı çatmadı. Daha sonra Şirvanda Araz kurslarına qoyduq. Orada sınaq imtahanlarından 500-dən yuxarı bal yığdı.  9 ay hazırlaşdı, sonra hərbi xidmətə getdi. Hərbi xidmətini başa vurandan sonra yenidən ali məktəbə qəbul imtahanlarına hazırlaşmağı düşünürdü. Əsgərliyini başa vurmasına 4 ay qalmış atası qəzaya düşdü. Qabırğası sındı, yaddaşı itdi. Bütün ailənin yükü onun çiyinlərinə düşdü, ona görə təhsil ala bilmədi.  Bir il yol idarəsində işlədi,  sonra Bakıda tikintidə, 3 il də Türkiyədə işlədi. 2019-cu ilin dekabrında evləndirmək məqsədiylə Azərbaycana gətirdim.  Həmin dövrdə dünyada koronavirus dalğası yayılmışdı.  Oktayın 6 illik sevgisi, bir çox arzuları yarımçıq qaldı”. 

 

Öyrəndik ki, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Oktay Əhmət oğlu Səfərov 1993-cü il mayın 15-də Saatlı rayonunun Qaralar kəndində anadan olub. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətdə olub. Oktay Səfərov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərib. O, noyabrın 3-də Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıqla şəhid olub. Saatlı rayonunda dəfn olunub.

 

Zülfiyyə Səfərova onu da əlavə etdi ki, Oktay futbol fanatı idi. Maraqlı oyunlar olanda gecə yarısına kimi oturub izləməyi sevirdi. Bir də qardaş Türkiyənin kanallarında göstərilən “Çuxur” serialına həvəslə baxırdı.

 

Oktayın bacısı Günel Rəsulova da bizə qardaşı haqqında məlumat verdi. Bildirdi ki, Oqtay tək mənə qardaş olmayıb. “Məndən bir yaş kiçik olsa da mənə ata, dost, sirdaş olub. Atam avtomobil qəzası nəticəsində yaddaşını itirib, II qrup əlildir. Mən atamın bu cür xəstə olmasını qardaşım sağ ikən hiss etməmişdim. İndi görürəm ki, atam nə vəziyyətdədir”.

 

G.Rəsulova bildirdi ki, qardaşım ailəmizi necə sevirdisə, Vətəni də elə sevirdi: “Məncə, o bizi belə kimsəsiz qoyub getmək istəməzdi. Mən sağlığında da onunla fəxr edirdim, indi də fəxr edirəm. Vətən sağ olsun. Arzumuz budur ki, onun xatirəsi daim yaşasın. Hamı onu tanısın”.

 

G.Rəsulova qardaşı ilə bağlı kövrək bir xatirəni də bizimlə bölüşdü: “Mən ailə quranda qardaşımın 20 yaşı vardı. O mənə atalıq etdi, iki il işləyib bütün cehizlərimin kreditini ödədi. Mən onun mənə etdiklərinin bir faizini də olsa qaytara bilmədim. Tovuz hadisələrində, Aprel döyüşlərində şəhid olan Vətən oğullarımızın xəbərini eşitdikcə hamısına bir-bir ağlamışdım. Sanki mən də bunu yaşayacaqmışam kimi. Qardaşım döyüşlərdə olanda Allaha yalvarırdım ki,  bizə bunu yaşatmasın. İndi necə dözürük, anlaya bilmirəm. Yəqin ki, həyatda qalan ailəmizə görə ayaqda dururuq. Bir də xalqımızın hər bir şəhidi öz balası kimi əzizləməsi, onların xatirəsini həmişə əziz tutması bizə təsəllidir”.

 

Sonra şəhidin uyuduğu Qaralar kənd qəbiristanlığına getdik. Onun məzarına gül dəstələri, sinif yoldaşlarımızın adından hazırladığımız əklil qoyduq. Qayıdanda yoldaşlarımızın hər biri sanki ziyarətində olduğumuz şəhid ailəsinin acısını özümüzlə götürmüşdük. Könlümüzdən bir nida, bir fikir keçirdi: “Mən də Vətənimizin dar günündə Oktay kimi döyüşməyə, qəhrəmanlıq göstərməyə hazıram. Onun yarımçıq qalmış arzularını biz məktəblilər davam etdirəcəyik”.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Yaqub ƏLİYEV,

Bakı şəhər 51 nömrəli tam orta məktəbin  8 “A”sinif şagirdi