Konfrans Azərbaycan elminə, neft sənayesi üzrə elmi biliklərin artırılmasına töhfə verəcək
Noyabrın 3-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Orta Doğu Texniki Universiteti (ODTU), Kazan Federal Universitetinin (KFU) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə beynəlxalq elmi konfrans başlayıb. “Neft verimliliyinin artırılması üçün termiki üsullar: Laboratoriya sınaqları, simulyasiya və neft yataqlarında tətbiqlər” mövzusunda keçirilən beynəlxalq elmi konfransda dünyanın bir çox ölkələrindən 100-dən artıq qonaq, dövlət və özəl qurumların rəhbərləri, o cümlədən universitetlər iştirak edirlər. Universitetlər arasında Türkiyənin Orta Doğu Texniki Universiteti, Rusiyanın Kazan Federal Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Çinin Cənub-Qərb Neft Universiteti, ABŞ-ın Hyuston Universiteti, Meksikanın Meksika Neft İnstitutu, İranın Şərif Texnologiya Universitetindən olan nümayəndələr də iştirak ediblər.
Konfransı giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı konfransın önəmindən danışıb, neft sənayesi ilə bağlı müasir biliklərin alınmasında və beynəlxalq mühitə adaptasiya prosesində bu konfransın mühüm rol oynayacağına ümidvar olduğunu bildirib. O, konfrans çərçivəsində bir sıra mühüm görüşlərin və birgə layihələrin icrasının nəzərdə tutulduğunu qeyd edib.
Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə bu cür beynəlxalq konfransların keçirilməsinin Azərbaycan elminə, xüsusən də neft sənayesi üzrə elmi biliklərin artırılmasına mühüm töhfə verdiyini deyib və konfransın işinə uğurlar arzulayıb.
Sonra konfransın həmtəsisçiləri - ODTU-nun rektoru, professor Mustafa Verşan Kök, KFU-nun prorektoru, professor Denis Nurgaliyev, UDNTU-nun rektoru, professor Ramil Baxtizin, həmçinin BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Rusiyanın Neft-qaz İstehsalçıları Birliyinin komitə sədri Anatoli Zamri konfransın müasir neft sənayesinin inkişafı, həmçinin müxtəlif ölkələrin təcrübəsinin və yeniliklərinin öyrənilməsi baxımından əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar diləyiblər.
Konfrans plenar mühazirələrlə davam edib.
Qeyd edək ki, konfransa 100-dən çox məqalə və tezis daxil olub. 3 gün davam edən konfrans çərçivəsində ADNSU, ODTU və KFU arasında üçtərəfli görüşlər keçirilib, müştərək elmi layihələrin, tədris proqramlarının icrası ilə bağlı müzakirələr aparılıb.
Noyabrın 5-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Orta Doğu Texniki Universiteti (ODTU), Kazan Federal Universitetinin (KFU) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq elmi konfrans başa çatıb.
Plenar sessiyalarla davam edən konfransın sonuncu günündə “Regionda kəşfiyyat, qazma və hasilat işlərinin son inkişaf tendensiyası” mövzusunda dəyirmi masa keçirilib.
Konfrans çərçivəsində panel mühazirələrlə yanaşı, iştirakçılar üçün şəhərin bir sıra görməli yerlərinə ekskursiyalar da təşkil olunub. İştirakçılar “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər.