Lənkəran Dövlət Universitetində (LDU) universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kolleclə birgə 8 Noyabr –Zəfər Günü və 9 Noyabr-Bayraq Günü ilə bağlı tədbir keçirilib.
Lənkəranda yaşayan şəhid ailələrinin üzvlərinin, qazi və Vətən müharibəsi veteranlarının da qatıldığı tədbiri LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq bütün iştirakçıları hər iki bayram münasibətilə təbrik edib. Rektor Zəfər Gününü Azərbaycan xalqının tarixində ən möhtəşəm gün kimi dəyərləndirib.
LDU-nun şəhid məzunları, şəhid baş leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova, şəhid leytenant Emil Qurbanovun həyat yoldaşı Vüsalə Qurbanova, 44 günlük Vətən müharibəsi iştirakçısı, universitetin İqtisadiyyat fakültəsinin I tədris ili tələbəsi Vüsal Nəcəfli çıxışlarında erməni qəsbkarlarına qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olan, yaralanan doğmaları ilə fəxr etdiklərini, qürur duyduqlarını bildiriblər.
Vətənpərvərlik ruhlu ədəbi-bədii kompozisiyada şəhid övladlarının ifasında şeirlər, mahnılar səslənib. LDU-nun 11 şəhid məzununun xatirəsinə həsr edilən, Vətən müharibəsində qələbəmizin xronikasını əks etdirən videoçarxlar nümayiş olunub.
Universitet və kollec tələbələri ilə yanaşı, məktəb şagirdlərinin və bağça uşaqlarının da qatıldığı musiqili kompozisiya xoş ovqat yaradıb.
Sonda rektor N.İbrahimov tədbirdə iştirak edən şəhid övladlarının hər birinə universitet adından xatirə hədiyyələri təqdim edib.
Xatırladaq ki, bayram münasibətilə universitetdə qəhrəmanlıq, vətənpərvərlik ruhunda rəsm və kitab sərgiləri təşkil edilib, ilk dərslər Zəfər Gününə həsr olunub.