Noyabrın 5-də "Təhsildə yeni çağırışlar" III beynəlxalq forumu keçirilib.
Beynəlxalq forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı ilə hibrid formatda baş tutub.
Elm və təhsil naziri Emin Əmrullayev, İƏİT təmsilçiləri, 20-ə yaxın ölkənin nümayəndələri, rektor, professor, elm və təhsil xadimləri, müəllimlər, məktəb direktorları və digər qonaqların iştirak etdiyi forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, müasir dövrün təhsil tələblərini nəzərdən keçirmək olub.
Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə forumun təhsil ictimaiyyəti üçün əhəmiyyətini qeyd edib.
Beynəlxalq qiymətləndirmə tədqiqatlarından danışan nazir bildirib ki, bu tədqiqatlarda iştirak bizi qlobal təhsil sisteminin bir üzvünə çevirir, eyni zamanda müxtəlif ölkələrdən olan həmkarlarla fikir mübadiləsi aparmaq imkanı yaradır. Nazir sözügedən forumun bu qəbildən olduğunu vurğulayıb.
Emin Əmrullayev diqqətə çatdırıb ki, son bir neçə il ərzində PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ölkədə təhsilin inkişafının əsas hədəflərindən biri kimi müəyyən olunub. Nazirin sözlərinə görə, PISA bizə yalnız rəqəm deyil, həm də kifayət qədər ciddi elm və dəlillər verir.
Elm və təhsil naziri çıxışında onu da qeyd edib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində təhsilin ayrıca bölmə kimi yer alması, hədəflərin müəyyən olunması təhsil işçiləri qarşısında konkret məqsədlər qoyur.
Emin Əmrullayev çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Daha sonra foruma onlayn qatılan UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini çıxış edib. Stefania Giannini bildirib ki, təhsil sosial xidmətdir və rəqəmsal inqilabdan təhsil üçün istifadə etmək əsas hədəf olmalıdır. Stefania Giannini əlavə edib ki, auditoriyada təcrübəli, bacarıqlı müəllimlər təhsil sisteminin idarəçisi kimi əsas rol oynamalıdırlar.
Stefania Giannini Azərbaycan hökuməti tərəfindən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinə təhsil üzrə bölmənin daxil edilməsini və bu sahədə həyata keçirilən işləri yüksək qiymətləndirib.
Daha sonra forumun əsas məruzəçisi İƏİT-in Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer "Öyrənənləri gələcəyə necə hazırlayaq?" mövzusunda geniş təqdimatla çıxış edib.
Gələcəyin təhsilindən danışan Andreas Şleyxer qeyd edib ki, məktəblər artıq rəqəmsal transformasiyaya keçid ediblər və bununla da öyrənmənin təbiəti, həmçinin alətləri dəyişir. Öyrənmə prosesində rəqəmsal texnologiyaların istifadəsinə toxunan Andreas Şleyxer bildirib ki, bu öyrənməni daha əyləncəli və effektli edir. Bu prosesdə müəllimin rolu yüksək olaraq qalır.
Forumda Portuqaliya Təhsilin Qiymətləndirilməsi İnstitutunun İdarə Heyətinin sədri, PISA İdarə Heyətinin Portuqaliyadakı təmsilçisi Luiz Pereira dos Santos, Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumtəhsil şöbəsinin məsləhətçisi, ölkənin PISA üzrə koordinatoru Maye Kitsinq, PISA-nın baş analitiki Maryo Piaçentini, ABŞ Milli Təhsil və İqtisadiyyat Mərkəzinin Baş Tədqiqat üzrə Direktoru Tresi Börns, İƏİT-in baş analitiki, Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzinin direktor müavini Stefan Vinsen Lankren, İƏİT-in Təhsil və Bacarıqlar şöbəsinin Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzinin analitiki Mark Fuster təqdimatla çıxış ediblər.
Təqdimatlar “Gələcəyin məktəbi necə olmalıdır?”, “Təhsili formalaşdıran qlobal trendlər”, “Təhsildə rəqəmsallaşma yekun həlldirmi?” və digər mövzuları əhatə edib.
Forumda “Rəqəmsal dünyada öyrənmək necə təşkil edilməlidir?”, “Hansı yeni məktəb modellərinə ehtiyac var?”, “Təhsildə təlim prosesinin və məzmunun gələcəyi necə olacaq?”, “Gələcəyə necə insan hazırlamalıyıq?” sualları ətrafında müzakirələr aparılıb.