Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə UNEC kollektivi ilə yanaşı, şəhid ailələri, qazilər, əsgərlər, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbirin aparıcısı, Xalq artisti Nurəddin Mehdixanlı sentyabrın 27-də başlayan və noyabrın 8-də parlaq qələbə ilə nəticələnən Azərbaycanın haqq-ədalət savaşından söz açıb. Xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirdiyini diqqətə çatdırıb.
UNEC-in rektoru, professor Ədalət Muradov Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək, parlaq qələbəni Şanlı tariximizin qızıl səhifəsi adlandırıb. Torpaqlarımızın geri qaytarılması uğrunda canlarını qurban verən şəhidlərin yalnız Azərbaycan xalqının deyil, bütün Türk dünyasının əbədi qəhrəmanları olduğunu deyib. Rektor qələbənin təməlində ulu öndər Heydər Əliyev strategiyasının, Prezident, Ali Baş Komandan İlham Əliyevin güclü iradəsinin, müstəqil və düşünülmüş siyasətinin, dövlət-xalq-ordu birliyinin dayandığını bildirib. Bu gün Azərbaycanda yeni mərhələnin başlandığını vurğulayan Ədalət Muradov işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi istiqamətində sürətli quruculuq və bərpa işlərinin aparıldığını diqqətə çatdırıb.
Sonra UNEC tələbəsi, Vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Qarabağ ordenli Şamxal Ağayev çıxış edərək, keçdikləri döyüş yolundan danışıb, Azərbaycanın igid oğullarının Vətən müharibəsində göstərdikləri şücaəti, qəhrəmanlığı Vətənə olan sonsuz sevginin ifadəsi kimi dəyərləndiriblər.
Zəfər Bayramına həsr olunan tədbir Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadənin bədii rəhbərliyi ilə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin vətənpərvərliyə həsr olunmuş konsert proqramı ilə davam edib.
Tədbir çərçivəsində UNEC Dizayn Məktəbi tələbələrinin Zəfər Gününə həsr etdikləri rəsm əsərləri nümayiş olunub.