Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin 8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib.
Tələbə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların istedadının üzə çıxarılması və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi işinə töhfə vermək məqsədi daşıyan sərgidə şəhid ailələrinin üzvləri, qazilər, MDU-nun akademik və inzibati heyəti, İctimai Nəzarət Şurasının üzvləri, KİV nümayəndələri, tələbə və magistrantlar iştirak ediblər.
Sərgidə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri və işğaldan azad edilmiş digər rayonlar, Qarabağın simvolu Xarıbülbül, tarixi, dini və mədəni abidələr, Vətən müharibəsi və Zəfər Günü ilə bağlı rəsmlər və əl işləri nümayiş etdirilib.
MDU-nun rektoru Şahin Bayramov və şəhid ailələrinin üzvləri sərgiyə baxış keçirib, tələbələrin hazırladıqları işlərdən məmnunluqlarını ifadə ediblər.