Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyasının (YAP) BMU ilk ərazi təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
Toplantıda universitet rəhbərliyi, tələbə-müəllim heyəti, dövlət və hökumət nümayəndələri, BMU-nun Vətən müharibəsində iştirak etmiş tələbələri - Samir Məmmədov, Sübhan Cəbrayılov, Xəyyam Göyüşov, İqrar Əzizli, Babək Məlikov, Sənan İbrahimlxəlilov, şəhid ailəsinin üzvləri, o cümlədən şəhid Osman Manafovun həyat yoldaşı, BMU-nun I kurs tələbəsi Aysel Manafova və övladı Natiq Manafov iştirak ediblər.
Əvvəlcə “Zəfər yolu” adlı videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov hər kəsi Zəfər bayramı münasibətilə təbrik edib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
H.Məmmədov 44 günlük Vətən müharibəsi nəticəsində əzəli torpaqlarımızın 30 illik işğaldan azad olunduğunu, son 200 ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə sarsıdıcı zərbə endirildiyini, Şanlı Zəfərin xalqımızın taleyində dönüş nöqtəsi olduğunu vurğulayıb. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarından sonra təcavüzkarı sülhə məcbur etmək, əzəli torpaqlarımızın işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlanıldığını, cəmi 44 günə tarixi Zəfərin əldə olunduğunu xatırladan rektor müharibə zamanı düşmənin birliyimizi pozmağa, millətin ruhunu qırmağa hesablanan müharibə cinayətlərinin, qanlı terror aktlarının xalqımızın əzmini, iradəsini əzə bilmədiyini, Azərbaycan xalqının əsl milli həmrəylik, birlik nümayiş etdirdiyini nəzərə çatdırıb.
Rektor bu gün regionda sülhün, təhlükəsizliyin və inkişafın qarantı olan Azərbaycan üçün yeni mərhələnin - quruculuq dövrünün başladığını önə çəkərək, işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirildiyini deyib.
Çıxışının sonunda Qarabağ Zəfərinin dünya hərb tarixində yeni səhifə açdığını, bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi, rəşadəti, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığı və peşəkarlığının dünya tərəfindən öyrənilməsinin qürurverici olduğunu söyləyən rektor milli ruha sahib, vətənpərvər, yeni dövrün innovasiyalarını əxz etmiş gəncliyin həm cəbhədə, həm də informasiya məkanında haqq işimiz uğrunda mübarizədə fəal iştirak etdiyini deyərək, tələbələrə öz tövsiyələrini verib.
Millət vəkili Arzu Nağıyev I Qarabağ müharibəsinin veteranı kimi keçdiyi döyüş yolu və təəssüratlarını iştirakçılarla bölüşüb, qələbənin asan qazanılmadığını, 8 Noyabr Zəfərinin dünya hərb sənətinə yenilik gətirərək, bu istiqamətdə böyük örnək olduğunu, həmçinin ölkələrin Azərbaycan Ordusunun gücünə baxışının köklü surətdə dəyişdiyini vurğulayıb. Qalib ölkənin vətəndaşı olmağın qürurverici məqamlarına toxunan A.Nağıyev bildirib ki, Zəfər Gününə qələbənin memarı Ali Baş Komandan İlham Əliyevin, rəşadətli ordumuzun və Prezidentin ətrafında yumruq kimi birləşən xalqımızın vəhdəti nəticəsində nail olunub.
Tarixi qələbə münasibətilə təbriklərini çatdıran Abşeron rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova şəhidlərin hər zaman ehtiramla anıldığını, şəhid ailə üzvləri və qazilərin qayğılarının dövlətimiz tərəfindən daim diqqətdə saxlanıldığını bildirib. Abşeron şəhərinin 400-ə yaxın şəhidinin olduğunu nəzərə çatdıran G.Rəhimova onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən müxtəlif tədbirlərdən bəhs edib.
Abşeron Rayon İcra Hakimiyyətinin rəsmisi dövlət tərəfindən bu gün gənclərin hərtərəfli inkişafı, o cümlədən təhsil sahəsində yaradılan imkanlardan da danışıb.
BMU-nun Tələbə Gənclər Təşkilatının sədr əvəzi Canel Xəlilov da çıxış edərək, Zəfər Günü ilə bağlı gənclər adından fikirlərini çatdırıb.
Daha sonra bayram tədbiri universitetin Bədii yaradıcılıq bölməsinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Tədbirdə, həmçinin birinci Qarabağ müharibəsinin qazisi Azər Adıgözəlovun qızı Nərmin Adıgözəlova “Xudayar təsnifi”ni ifa edib.