Mingəçevir Dövlət Universitetində (MDU) “Şuşa İli”nə həsr olunmuş “Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsidir” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda MDU-nun akademik və inzibati heyəti, İctimai Nəzarət Şurasının üzvləri, KİV nümayəndələri, tələbə və magistrantlar iştirak ediblər.
Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib. Şuşanın xalqımız üçün tarixi əhəmiyyətə və yüksək mədəni-mənəvi dəyərə malik olduğunu vurğulayan rektor qeyd edib ki, strateji mövqedə yerləşən bu şəhərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 2020-ci ilin noyabrın 8-də erməni işğalından azad edilməsi düşmənin kapitulyasiyasına və tezliklə Şanlı Qələbənin qazanılmasına səbəb oldu. Təsadüfi deyil ki, Zəfər Bayramı məhz Şuşanın azad edilməsi günündə qeyd olunur. Qarabağ Zəfərindən dərhal sonra Şuşanın əvvəlki tarixi görkəminin və mədəni ruhunun bərpa edilməsi istiqamətində dövlətin həyata keçirdiyi kompleks və sistemli tədbirlərdən danışan Ş.Bayramov Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin “Şuşa İli” elan edilməsini mühüm tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirib.
Rektor “Şuşa İli” çərçivəsində MDU-da silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Konfransın önəmindən bəhs edən rektor qeyd edib ki, tarixi həqiqətlərin, milli-mənəvi dəyərlərin, dahi şəxsiyyətlərin irsinin və qəhrəman Vətən övladlarının şücaətlərinin təbliği universitetdə tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə əhəmiyyətli töhfə verir. Proqrama daxil olan məruzələrin aktuallığı barədə danışan Ş.Bayramov mövzuların post-müharibə dövründə Şuşada sosial, iqtisadi və mədəni mühitin bərpası istiqamətində həyata keçirilən tədbirlərin məzmunu ilə uyğunluq təşkil etdiyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Sonda məruzələr dinlənilib.