Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası və Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedralarının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının erməni faşizmi üzərində tarixi qələbəsinin ikinci ildönümünə həsr olunmuş “Zəfər Günü Azərbaycanın şanlı tarixidir” adlı elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov bildirib ki, Azərbaycan xalqı düşmən üzərində tarixi qələbəsi ilə əsrin ilk şanlı qələbə tarixini yazdı.
“44 gün davam edən Vətən müharibəsi bizim haqq davamız idi. Müharibələr itkisiz olmur. Bizim də itkilərimiz oldu. Lakin bu itkilər bizi ruhdan salmadı və ard-arda əldə edilən qələbələr xalqımızı öz Müzəffər Ali Baş Komandanına, yenilməz ordumuzun şücaətinə inandırdı. Beləliklə, dövlət, ordu və xalqın birliyi sayəsində tarixi qələbəyə nail ola bildik” – deyə direktor vurğulayıb.
“Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir” mövzusunda məruzə ilə çıxış edən filialın İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının dosenti Məhəmməd Hüseynov Azərbaycan xalqının qəhrəman xalq olaraq tarixi ədaləti bərpa etməsindən, erməni vandallarının təcavüzü nəticəsində itirilən torpaqlarımızın geri qaytarılmasından, bu işdə şərəf və ləyaqətlə döyüşən ordumuzun gücündən və Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərindən danışıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib. Filialın Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Fəridə Mikayılova, Tədrisin idarə olunması şöbəsinin müdiri Şəbnəm Abbasova, gənc müəllimlərdən Maya Abdullayeva, Pərişan Yolçuzadə, Səbuhi Quliyev və Səbuhi Səfərov çıxış edərək xalqımızın mənfur düşmən üzərindəki tarixi qələbəsindən danışıblar.