Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində ilk dəfə olaraq keramika nümunələrindən ibarət sərgi nümayiş olunub. Burada Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı əl işləri sərgilənib.
Universitetin rektoru Elbrus İsayev tələbələrin iştiraki ilə keçirilən sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, müasir dövrdə keramika sahəsinə diqqət xeyli artıb və tələbələrin bu sahəyə maraqlı olmaları sevindirici haldır. E.İsayev sərgilərin universitet rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanıldığını deyib, gənc istedadlara bu istiqamətdə uğurlar arzulayıb.
İncəsənət fakültəsinin dekanı, Naxçıvanın Əməkdar rəssamı Cavid İsmayılov muxtar respublikada təsviri incəsənət sahəsində yaradılan imkanlardan və göstərilən qayğıdan danışıb. Diqqətə çatdırılıb ki, təşkil olunan sərgilər gənclərin bacarıqlarının inkişafında əhəmiyyətli rol oynamaqdadır. Gələcəkdə bu sahənin daha da inkişaf etməsində müəyyən işlərin görüləcəyi, eyni zamanda, universitetdə keramika sənətinin inkişafı üçün addımların atılacağı diqqətə çatdırılıb.
Təsviri incəsənət kafedrasının müəllimi, Azərbaycanın Xalq rəssamı, professor Hüseynqulu Əliyev keramika sənətinin tarixindən söz açaraq, bu sənət növünün köklərinin qədim tarixə söykəndiyini vurğulayıb.
Sonra sərgiyə baxış keçirilib. 40-a yaxın keramika nümunəsinin nümayiş olunduğu sərgidə boşqablar və digər fiqurlar üzərində bədii boyakarlıq nümunələri öz əksini tapıb. Qədim boyakarlıq üslubu olan miniatürlər, Naxçıvan ərazisində yerləşən dünya əhəmiyyətli tarixi abidələr, “Naxçıvan Dövlət Universitetinin 55 illiyi”nə həsr olunan universitet binaları, qədim toy adət-ənənələrimizin əks olunduğu keramika nümunələri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun rəsm əsərləri və başqa eksponatlar sərgidə nümayiş etdirilib.
Sonda yaradıcı tələbələrə diplomlar təqdim olunub.