Gəncə şəhər M.Hadi adına 10 nömrəli orta məktəbdə ilkin mərhələdə Gəncə şəhərini əhatə edən “Məktəblilərin poeziya klubu” yaradılıb. Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində yaradılan klubda, iştirakçıların yaradıcı məhsullarının çapı və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Layihənin təqdimatında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları, orta məktəblərin müəllimləri, ictimaiyyət nümayəndələri və müxtəlif təşkilatlardan qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arzu Əliyeva layihə rəhbəri Günay Ələkbərzadənin nümunəvi müəllim kimi fəaliyyətindən danışaraq, onun sözügedən layihəni də uğurla həyata keçirəcəyinə inamını ifadə edib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin əhəmiyyətindən danışıb, innovativ ideyaların, tədrisin, gənc nəslin inkişafına xidmət edən layihələrin dəstəkləndiyini vurğulayıb.
Layihənin koordinatoru Nofəl Şirinov Gəncənin hər zaman Azərbaycan ədəbiyyatı, mədəniyyəti və siyasi tarixində mühüm bir mərkəz rolunu oynadığını qeyd edərək bu layihənin də Gəncədə, məhz M.Hadinin adını daşıyan bir məktəbdə icra olunmasının simvolik məna daşıdığına diqqət çəkib.
Layihə rəhbəri Günay Ələkbərzadə ümumtəhsil məktəblərində müxtəlif istiqamətdə kifayət qədər istedadlı şagirdlərin olduğunu vurğulayaraq bildirib ki, məqsəd bədii yaradıcılığı olan şagirdlərin inkişafına dəstək verməkdir:”Bu məqsədlə, 44 orta ümumtəhsil məktəbindən ilkin mərhələdə 20 şagird cəlb olunacaq. Bu şagirdlərə bədii yaradıcılığın sirləri öyrədiləcək. Bədii qiraət, yazılı təqdimatları şifahi təqdimetmə bacarıqları formalaşdırılacaq. İstedadları daha da cilalanaraq yaradıcılıq bacarıqlarının inkişafına təkan veriləcək. Layihənin ilkin mərhələsinin yekununda prosesə cəlb edilən məktəblilərin yazdığı şeir və hekayələrdən ibarət “Nizami yurdunun qönçələri” adlı almanax nəşr ediləcək və eyni adlı bədii yaradıcılıq klubu yaradılacaq. Klubun fəaliyyəti layihə bitdikdən sonra da davam edəcək. Həmin şagirdlərlə yaradıcılıq mərkəzləri arasında əlaqələrin qorunub saxlanılması təmin ediləcək. İldə bir dəfədən az olmayaraq, həmin klubun bədii gecələri təşkil olunacaq. Bu da yeni ədəbi nəslin formalaşmasına təkan verəcək”.