Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə fakültənin əcnəbi doktorantı, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı Lemounes Nour El Houda Djoumananın elmi seminarı keçirilib.

 

Seminarda əcnəbi doktorant “Akademik kitabxanaların rəqəmsal informasiya resursları” mövzusunda məruzə ilə çıxış edib. BDU-nun Elmi Kitabxanası, ADA Universitetinin Kitabxanası və UNEC Kitabxana İnformasiya Mərkəzinin iş təcrübəsi əsasında hazırlanmış məruzədə hər üç ali təhsil müəssisəsinin kitabxanalarında aparılan rəqəmsallaşdırma prosesləri şərh olunub. Bildirilib ki, universitet kitabxanaları müəssisənin akademik mühitinin fomalaşmasında aparıcı rol oynayır, səmərəli elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsinə mühüm töhfələr verir. 

 

Müasir şəraitdə universitet kitabxanalarının rəqəmsal resurslarını təhsil, tədqiqat, eləcə də informasiya mühitinin əsas komponenti kimi dəyərləndirən doktorant tədris və tədqiqat sahəsində keyfiyyətli akademik mühitin təşviqi baxımından rəqəmsal resursların rolunu xüsusi qiymətləndirib. Araşdırmada, həmçinin tədqiqat obyekti kimi seçilən kitabxanaların strukturu, sənəd dövriyyəsi, kitab fondu, elektron kataloqu, prioritetləri və bu sahədə olan dünya təcrübəsi barədə iştirakçılara ətraflı məlumat verilib. Məruzənin sonunda əcnəbi doktorant BDU-da tədqiqat aparmaq üçün səmərəli elmi mühitin formalaşdığını və inkişaf etdiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, Lemounes Nour El Houda Djoumana Prezident İlham Əliyevin “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi” haqqında Sərəncamına uyğun olaraq BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olunub və hazırda elmi tədqiqatlarını davam etdirir.